24 avqust 2023
Avqustun 23-də İspaniyanın Valensiya şəhərində bədii gimnastika üzrə 40-cı dünya çempionatına start verilib. Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyan yarışda ölkəmizi fərdi gimnastlar Zöhrə Ağamirova, İlona Zeynalova, Kamila Qafarova, eləcə də qrup hərəkətləri üzrə yığma komandamızın üzvləri - Güllü Ağalarzadə, Ləman Əlimuradova, Kamilla Əliyeva, Zeynəb Hümmətova, Yelizaveta Luzan təmsil edir.
Dünya çempionatı çoxnövçülük üzrə təsnifat mərhələsinin yekununa əsasən fərdi proqramda ilk 14, qrup hərəkətləri proqramında isə ilk 5 yer üçün Paris Olimpiadasına lisenziya qazandırır.
Qeyd edək ki, bu siyahıya hər iki proqramda ötənilki dünya çempionatında ilk üçlükdə qərarlaşaraq Paris-2024-ə vəsiqəni təmin etmiş gimnastlar və qrup komandaları daxil deyil.
Çempionatın ilk günü gimnastikanın ən zərif növünün nümayəndələri təsnifat mərhələsində fərdi proqramda halqa və topla çıxışlarını nümayiş etdiriblər. Bu gün isə gimnastlar daha iki alətlə, gürzlər və lentlə xalça üzərinə çıxıblar. Fərdi çoxnövçülük üzrə təsnifat mərhələsinin yekununa əsasən yığma komandamızın üzvü, Avropa çempionatının bürünc mükafatçısı, Yay Universiadasının dördqat gümüş və bürünc medalçısı Zöhrə Ağamirova 12-ci pillədə (95.250 xal) qərarlaşaraq, Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanıb.
İdmançımız bu nəticə ilə, həmçinin çoxnövçülük proqramında dünya çempionatının final mərhələsinə vəsiqəni özü üçün təmin edib.
Qeyd edək ki, bu, Paris-2024-ə gimnastika idman növü üzrə qazanılan ilk lisenziyadır. Xatırladaq ki, Zöhrə Ağamirova 32-ci Tokio Yay Olimpiya Oyunlarında da ölkəmizi təmsil etmişdi. Bununla o, Azərbaycan gimnastika tarixində Olimpiya Oyunlarında bədii gimnastika üzrə fərdi proqramda iştirak etmiş ilk azərbaycanlı gimnast kimi adını tarixə yazdırmışdı.
Sabah qrup hərəkətləri üzrə yığma komandamızın üzvləri təsnifat mərhələsində çoxnövçülük (5 halqa, 3 lent və 2 top) proqramında mübarizəyə qoşulacaqlar. Avqustun 26-da gimnastlar fərdi və qrup hərəkətləri proqramında final mərhələsində çıxışlarını davam etdirəcəklər. Dünya çempionatının sonuncu günü qrup yığmaları ayrı-ayrı alətlər üzrə (5 halqa, 3 lent və 2 top) qalibləri müəyyənləşdirəcəklər.