13 oktyabr 2014
Azərbaycan Gimnastika Federasiyasının verdiyi məlumata görə, Nanninqdə (Çin) keçirilən idman gimnastikası üzrə Dünya Çempionatının çoxnövçülük üzrə final yarışlarında Azərbaycan gimnastı Petro Paxnyuk uğurla çıxış edib.
Dünyanın ən güclü 23 gimnast arasında öz bacarıqlarını nümayiş etdirən idmançımız, 15-ci yerdə qərarlaşmaqla, ölkəmizin idman gimnastikası tarixində yeni səhifə açdı.
Çoxnövçülük üzrə 6 növdə çıxış edən Paxnyuk 87.039 xal (sərbəst hərəkətlər - 14.433, dəstəli at üzərində - 14.366, halqalarda - 13.966, dayaqla tullanma - 14.966, paralel qollarda - 15.375, turnikdə - 13.933) topladı. O milli komandadan, ən nüfuzlu olimpiya idman növünün finalına çıxan yeganə idmançı oldu.
Bu Azərbaycanın idman gimnastıkası tarixində ən yüksək göstərici oldu, belə ki, bu günə qədər heç bir idman gimnastımız Dünya Çempionatının çoxnövçülük üzrə finalına çıxmağa müvəffəq olmamışdır.
Nanninqdə Dünya Çempionatı 5 qat Dünya Çempionu olan və rekord əldə edən Yaponiyalı gimnast Koxei Utimuranın qələbəsi ilə yekunlaşdı. Utimura 6 növ üzrə ümumi 91.965 xal toplayaraq, fərdi çoxnövüçülükdə birinci oldu. İkinci yerdə Britaniyalı Maks Uitlok (90.473), üçüncü yerdə isə daha bir Yaponiyalı gimnast Yusuke Tanaka (90.449) qərarlaşdı.