21 avqust 2023
Bu dəfə Misirin Qahirə şəhəri idman gimnastlarını qonaq edib. 18-20 avqust tarixlərində keçirilən “Pharaoh’s Cup” beynəlxalq turniri Azərbaycan yığma komandası üzvlərinin uğurlu çıxışı ilə yadda qalıb.
Komandamıza ən yüksək nəticəni qadın idman gimnastımız Xədicə Abbaszadə qazandırıb. Yeniyetmələr arasında (2010-cu il) çıxış edən təmsilçimiz dayaqlı tullanma və sərbəst hərəkətlərin icrasında qızıl medala layiq görülüb.
2011-2012-ci il təvəllüdlü yeniyetmələr arasında Leyla Məmmədzadə dayaqlı tullanma, Aynaz Məcidzadə isə sərbəst hərəkətlərdə fəxri kürsünün ən yüksək pilləsində yer alıb. Bu yaş kateqoriyasında çıxış edən digər gimnastlarımız Albina Alieva sərbəst hərəkətlərdə gümüş, dayaqlı tullanmada bürünc medala sahib çıxıb. Komandamızın aktivinə daha bir medalı sərbəst hərəkətlər proqramında bürünc medal qazanan Dəniz Əliyeva (2009-cu il) yazdırıb.
Kişilərdən ibarət Azərbaycan yığma komandasının üzvləri Mənsum Səfərov turnik, Rəsul Əhmədzadə sərbəst hərəkətlər, Aydın Əlizadə isə dayaqlı tullanmada bürünc medallar əldə ediblər.