03 iyul 2012
Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının paytaxtı London şəhərində keçiriləcək XXX Yay Olimpiya oyunlarında iştirak edəcək Azərbaycan nümayəndə heyətinin iyulun 3-də rəsmi yolasalma mərasimi keçirilmişdir. Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin başçısı İlham Əliyev və xanımı Mehriban Əliyeva mərasimdə iştirak etmişlər.
İlham Əliyev mərasimdə nitq söylədi. “Bizim doğrudan da güclü komandamız vardır. Bu komanda böyük uğurlara nail ola bilər. Tariximizdə ilk dəfədir ki, Azərbaycan Olimpiya Oyunlarında böyük say tərkibi ilə çıxış edir. Çünki Olimpiya oyunlarında 50-dən çox idmançıya malik olan ölkə böyük idman ölkəsi kimi tanınır. Bu dəfə Olimpiya oyunlarında iştirak edəcək idmançılarımızın sayı 53-dür. Mən bütün idmançılarımıza böyük uğurlar arzulayıram. Əminəm ki, idmançılarımız Azərbaycanı ləyaqətlə təmsil edəcək və Vətənə böyük qələbələrlə qayıdacaqlar.
Bunu deməyə əsas vardır. Çünki Azərbaycanda idman sürətlə və uğurla inkişaf edir. İdmanın inkişafı Azərbaycanda dövlət siyasətidir və Azərbaycan dövləti Azərbaycan idmanının inkişafı üçün konkret addımlar atmışdır. Bu gün də bu siyasət davam etdirilir.
Yeni gənc nəsil yetişir və Olimpiya komandamızın tərkibindəki idmançıların böyük əksəriyyəti ilk dəfə olaraq Olimpiya oyunlarında iştirak edəcəkdir. Yəni, bu, onu göstərir ki, idman ardıcıllıqla inkişaf edir, idmanda nəsillər dəyişir və gənclər də böyüklərin, çempionların yerlərini tuturlar.
Bu gün dünyada Azərbaycan idman dövləti kimi tanınır. Biz beynəlxalq idman ailəsində layiqli yeri tuta bilmişik. Bu gün Azərbaycan idmançıları hər bir rəqib üçün çox ciddi sınaqdır və idman ölkəsi adını qazanmaq asan məsələ deyildir. Biz bu adı öz əməyimizlə, idmançılarımızın zəhməti, məşqçilərin əməyi ilə qazanmışıq.
Bizim məqsədimiz ondan ibarətdir ki, ölkə idmanını inkişaf etdirək və Azərbaycanın uğurlarını təmin edək.
Federasiyalar möhkəmləndi. Federasiyalara gələn rəhbər işçilər vəzifə borclarını yerinə yetirirlər. Beləliklə, hər bir federasiya konkret plan əsasında fəaliyyət göstərir və göstərməlidir. Hər bir federasiya nəticə verməlidir. O federasiyada cəmləşmiş idmançılar nəticə göstərməlidirlər, qələbə qazanmalıdırlar.
Regional Olimpiya kompleksləri ilə bərabər, Bakı şəhərində də böyük Olimpiya infrastrukturu yaradılır. Son illər ərzində bir neçə böyük idman-konsert zalı tikilmişdir. Onların içərisində əlbəttə ki, ən böyüyü, ən möhtəşəmi Bakı Kristal Zaldır. Tofiq Bəhramov adına Respublika Stadionunda aparılmış yenidənqurma və bərpa işlərindən sonra bu stadion dünya standartlarına cavab verir. Keçən il Bakıda yeni Olimpiya stadionunun təməl daşı qoyulmuşdur. Bakıda dünya standartlarına cavab verəcək yeni Su sarayı və müasir üzgüçülük Olimpiya mərkəzinin tikintisinə böyük ehtiyac vardır. Milli Gimnastika Arenasının tikintisi başlanmışdır.
İdmançılar bizim milli sərvətimizdir. Azərbaycan idman arenalarında öz sözünü deyir, deyəcəkdir. Mən əminəm ki, London Yay Olimpiya Oyunları Azərbaycan idmanının növbəti təntənəsi olacaqdır. Hər bir Azərbaycan vətəndaşı kimi, mən də oyunları izləyəcəyəm, sizə azarkeşlik edəcəyəm və sizin qələbələrinizi gözləyəcəyəm”, deyə Azərbaycan Prezidenti bildirdi.
Qeyd edək ki, olimpiya komandasının tərkibində bədii gimnastikanı Aliyə Qarayeva, idman gimnastikasını isə Şakir Şıxəliyev təmsil edirlər.