26 avqust 2009
Avqustun 26-da Bakıda Gimnastika Kompleksinin təməlqoyma mərasimi keçirilmişdir.
Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva mərasimdə iştirak etmişlər.
Mərasim iştirakçıları - idman ictimaiyyətinin nümayəndələri və inşaatçılar Prezident İlham Əliyevi və Azərbaycan Gimnastika Federasiyasının prezidenti Mehriban xanım Əliyevanı hərarətlə qarşıladılar. Mehriban xanım Əliyevaya gül dəstəsi təqdim olundu.
Prezident İlham Əliyev Gimnastika Kompleksinin layihəsi ilə tanış oldu. Məlumat verildi ki, tikinti üçün ayrılmış 3,5 hektar ərazidə möhtəşəm idman kompleksi inşa olunacaq, abadlıq və yaşıllaşdırma işləri aparılacaqdır. Ümumi sahəsi 15 min kvadratmetr olan üçmərtəbəli kompleksdə məşq və yarış zalları, ofislər, soyunub-geyinmə otaqları, kafe, restoran, emalatxana, anbarlar fəaliyyət göstərəcəkdir. Kompleks telekommunikasiya və nəzarət-idarəetmə sistemi ilə təmin ediləcəkdir. Bundan başqa, kompleksin ərazisində qazanxana, nasosxana, digər köməkçi bina və qurğular, 500 avtomobil yerlik yeraltı, 100 yerlik yerüstü dayanacaq olacaqdır. Kompleksdə keçiriləcək idman yarışlarını 6 min tamaşaçı izləyə biləcəkdir.
Kompleksdə gimnastların məşq etmələri, respublika və beynəlxalq səviyyəli yarışların təşkili məqsədi ilə hər cür şərait yaradılacaqdır.
İdman qurğusunun 2011-ci ildə istifadəyə veriləcəyi qeyd olunmuşdur.
Mehriban xanım Əliyeva gilizi Gimnastika Kompleksinin təməlinə buraxdı və beton qarışığı tökdü. Dövlətimizin başçısı da təmələ beton qarışığı tökdü.
Sonra Prezident İlham Əliyev və Mehriban xanım Əliyeva Azərbaycan gimnastlarının bir qrupu ilə görüşdülər. Gimnastlar onlar üçün yaradılan şəraitə və belə gözəl kompleksin tikilməsinə görə dövlətimizin başçısına və Azərbaycanın birinci xanımına təşəkkürlərini bildirdilər. Prezident İlham Əliyev və Mehriban xanım Əliyeva gimnastlarla xatirə şəkli çəkdirdilər.
Xatırladaq ki, Azərbaycan Gimnastika Federasiyasının fəaliyyəti sayəsində ölkəmizdə idmanın bu növündə də ciddi nailiyyətlər əldə olunmuşdur. Azərbaycan bədii gimnastika üzrə Avropa və dünya çempionatlarına ev sahibliyi etmişdir. Bədii gimnastlarımız Azərbaycanı Olimpiya oyunlarında da layiqincə təmsil etmişlər. Federasiyanın prezidenti Mehriban xanım Əliyevanın diqqət və qayğısının nəticəsidir ki, indi nüfuzlu beynəlxalq gimnastika təşkilatları Azərbaycana yüksək maraq göstərirlər.
Prezident İlham Əliyev bir daha mərasim iştirakçılarını təbrik etdi, kompleksin inşası ilə bağlı tövsiyələrini verdi, inşaatçılara işlərində uğurlar arzuladı.