İdman

gimnastikadan

başlayır

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva V İslam Həmrəyliyi Oyunlarında nəticə əldə etmiş idmançılarla görüşüblər

22 avqust 2022

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva V İslam Həmrəyliyi Oyunlarında nəticə əldə etmiş idmançılarla görüşüblər

Avqustun 22-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva V İslam Həmrəyliyi Oyunlarında nəticə əldə etmiş idmançılarla görüşüblər.
Dövlətimizin başçısı V İslam Həmrəyliyi Oyunlarında Azərbaycan komandasının dördüncü yerə layiq görülməsini böyük nailiyyət kimi dəyərləndirib. 

“Bizim idmançılarımız 99 medal qazanaraq, - onlardan 29-u qızıl medaldır, - bir daha ölkəmizin gücünü göstərmişlər. Onu da deməliyəm, bu da çox sevindirici haldır ki, idmançılarımız 19 idman növündə medallar qazanmışlar. Bu onu göstərir ki, idmanın bir çox növləri ölkəmizdə uğurla inkişaf edir. Əlbəttə ki, birinci yerdə, - əgər belə demək mümkündürsə, - güləşçilərdir, 23 medal qazanmışlar, onlardan 8-i qızıl medaldır. Bu da təbiidir. Çünki güləş bizim milli idman növümüzdür və biz güləşdə ənənəvi olaraq uğurlar qazanmışıq. İkinci yerdə gimnastikanın nümayəndələridir. Üç növ gimnastikada idmançılarımız 17 medal qazanmışlar, onlardan 8-i qızıl medal olmuşdur. Üçüncü yerdə qeyri-Olimpiya idman növü – kikboksinq idmançılarıdır. Onların qazandıqları medalların sayı 15-dir. Onlardan 3-ü qızıl medaldır. Yəni, bu, doğrudan da böyük nailiyyətdir. Çünki bu Oyunlarda 50-dən çox ölkə iştirak edirdi və yenə də deyirəm, mübarizə çox gərgin keçib”, - deyə ölkə başçısı qeyd edib.

Sonra Gənclər və İdman Nazirliyinin idman şöbəsinin müdiri, V İslam Həmrəyliyi Oyunlarında Azərbaycan nümayəndə heyətinin rəhbəri Elnur Məmmədov medal qazanmış idmançıları qəbul etdiyinə görə ölkə başçısına öz təşəkkürünü bildirib. 
Daha sonra müxtəlif idman növləri üzrə Azərbaycan nümayəndə heyətinin üzvləri ilə yanaşı, İslamiadanın qızıl və gümüş medalçısı, bədii gimnast Güllü Ağalarzadə çıxış edərək  ölkə başçısına qəbula görə öz təşəkkürünü bildirib, bundan sonrakı yarışlarda da onlara bəslənilən ümidləri doğruldacaqlarını qeyd edib.

Bədii gimnastika üzrə qrup hərəkətləri yığmasının üzvü Güllü Ağalarzadə çıxışında bütün idmançılar adından Azərbaycan Gimnastika Federasiyasının prezidenti Mehriban xanım Əliyevanı təbrik edib, əldə olunan bütün nailiyyətlərin, cənab Prezident və Mehriban xanımın dəstəyi sayəsində mümkün olduğunu diqqətə çatdırıb: “Bu dəstəyə görə Sizə dərin təşəkkürümüzü bildiririk. Onu da qeyd etmək istərdim ki, avqustun 26-sı Mehriban xanımın ad günüdür. Mən bütün idmançılar adından Mehriban xanımı ürəkdən təbrik edirəm. Vurğulamaq istəyirəm ki, V İslam Həmrəyliyi Oyunlarında məşqçilər, hakimlər, tibb işçiləri, həmçinin idmançılar - hər kəs bir-birinə daim dəstək oldular. Müstəqil bir ölkənin idmançıları kimi, cənab Prezident, Sizin yürütdüyünüz düzgün siyasət bizi daim qələbə qazanmağa ruhlandırdı. Əlbəttə, ümid edirəm ki, gələn İslam Həmrəyliyi Oyunlarında məhz bu yolla gedərək, daha gözəl qələbələrə imza atacağıq. Biz fəxr edirik ki, belə ölkənin vətəndaşlarıyıq. Çox sağ olun”.
Sonda xatirə şəkli çəkdirilib.