İdman

gimnastikadan

başlayır

Qran-pri yarışından 1 qızıl, 4 gümüş və 1 bürünc

10 aprel 2023

Qran-pri yarışından 1 qızıl, 4 gümüş və 1 bürünc

Aprelin 6-dan 9-dək Fransanın Tiye şəhərində bədii gimnastika üzrə 34-cü Beynəlxalq Qran-pri yarışı keçirilib. 
Yarışda ölkəmizi fərdi gimnast Zöhrə Ağamirova və Azərbaycanın böyüklərdən ibarət qrup hərəkətləri üzrə yığma komandasının üzvləri - Güllü Ağalarzadə, Ləman Əlimuradova, Kamilla Əliyeva, Zeynəb Hümmətova, Yelizaveta Luzan, Darya Sorokina təmsil ediblər. 
Yarış təmsilçilərimizin uğurlu çıxışları ilə yadda qalıb. Belə ki, təmsilçilərimiz ümumilikdə 1 qızıl, 4 gümüş və 1 bürünc medala sahib çıxıblar. 
Komandamıza ilk medalı təcrübəli gimnastımız Zöhrə Ağamirova qazandırıb. İdmançımız yarışın ilk günü çoxnövçülükdə gümüş medala sahib çıxıb. Yarışın ikinci günündə keçirilən ayrı-ayrı alətlər üzrə final mərhələsində gimnastımız gürzlərlə hərəkətlərin icrasında bütün rəqiblərini üstələyərək qızıl medal qazanıb. Bu, bədii gimnastımızın Qran-pri yarışında qazandığı ilk qızıl medal olub. Təmsilçimiz halqa və topla hərəkətlərdə isə gümüş medal əldə edib. 
Eyni gündə keçirilən qrup komandalarının ayrı-ayrı alətlər üzrə final yarışında da komandamzın üzvləri bizi sevindiriblər. Belə ki, gimnastlarımız iki dəfə fəxri kürsüyə qalxıblar. Üç lent və iki topla finalda komandamız gümüş, beş halqa ilə hərəkətlərdə isə bürünc medala sahib çıxıb. 
Qeyd edək ki, Tiye Qran-prisi Azərbaycanın böyüklərdən ibarət qrup komandası üçün ilk start olub.  Xatırladaq ki, qrup üzvlərimiz sonuncu dəfə ötən ilin sentyabrında Bolqarıstanda keçirilən dünya çempionatında çıxış ediblər. Ən güclülərin mübarizəsi qrup hərəkətləri üzrə yığma komandamızın tarixi bürünc medalı ilə yadda qalmışdı. 
Zöhrə Ağamirova üçün bu kubok mövsümün ikinci yarışı olub. İdmançımız aprelin əvvəlində Sofiyada keçirilən Dünya kubokunda iştirak etmişdi.
Nəticələrə əsasən, 2023-cü ilin əvvəlini bədii gimnastlarımız üçün uğurlu hesab etmək olar. Qarşıda isə idmançılarımızı daha ciddi sınaqlar gözləyir.