16 sentyabr 2022
Bolqarıstanın paytaxtı Sofiyada bədii gimnastika üzrə keçirilən 39-cu dünya çempionatının üçüncü günündə qrup hərəkətləri üzrə yığma komandalar mübarizəyə qoşulublar. Yarışda ölkəmizi Avropa çempionatının üçqat bürünc, V İslam Həmrəyliyi Oyunlarının ikiqat qızıl və gümüş mükafatçısı olan Güllü Ağalarzadə, Ləman Əlimuradova, Kamilla Əliyeva, Zeynəb Hümmətova, Yelizaveta Luzan və Darya Sorokinadan ibarət qrup hərəkətləri komandamız təmsil edib. Komandamızın üzvləri 3 lent və 2 top eləcə də, 5 halqa ilə proqramlarını nümayiş etdiriblər.
Gimnastlarımız 3 lent və 2 topla təsnifat mərhələsində uğurla çıxış edərək (29.250 xal) finala vəsiqə qazanıb. Qeyd edək ki, ayrı-ayrı alətlər üzrə final mərhələsi sentyabrın 18-də baş tutacaq.
Sabah isə fərdi gimnastlar çoxnövçülük proqramında qüvvələrini sınayacaqlar. Bu proqramda ölkəmizi Tokio Yay Olimpiya Oyunlarının iştirakçısı, Yay Universiadasının ikiqat gümüş, İslam Həmrəyliyi Oyunlarının dördqat qızıl, gümüş və bürünc mükafatçısı Zöhrə Ağamirova təmsil edəcək. Xatırladaq ki, gimnastımız lentlə hərəkətlərdə 5-ci, halqa ilə hərəkətlərin icrasında isə 6-cı pillədə qərarlaşmışdı.
Qeyd edək ki, yığma üzvlərimiz həm fərdi və həm də qrup hərəkətləri proqramında göstərdikləri nəticələrinin yekununa əsasən komanda hesabında 6-cı olublar.