İdman

gimnastikadan

başlayır

Qrupumuzdan "hət-trik", Arzudan "dubl"

18 iyul 2021

Qrupumuzdan

Olimpiya Oyunları öncəsi bədii gimnastlarımızın son dayanacağı İsraildə təşkil edilmiş Qran Pri yarışları olub.

16-17 iyul tarixlərində təşkil edilmiş turnirdə iştirak etmək üçün Zöhrə Ağamirova, Arzu Cəlilova, eləcə də qrup hərəkətləri komandası tərkibində Zeynəb Hümmətova, Ləman Əlimuradova, Darya Sorokina, Yelizaveta Luzan və Nərminə Səmədova Tel-Əviv şəhərinə yollanıblar.

Qızlarımız komanda hesabına 5 “bürünc” yazdırıblar. Qrup komandamız yarışda “hət-trik” edib. Yarışın ilk günü onlar çoxnövçülükdə, final günü isə həm 5 top, həm də 3 halqa və 2 cüt gürzlərlə çıxışlarına görə bürünc medal qazanıb.

Daha iki “bürünc"ü isə komandamızın hesabına Arzu əlavə edib. Gənclərin dünya çempionatının 2-qat mükafatçısı olan Arzu Qran Pri ilə yanaşı keçirilmiş beynəlxalq turnirdə top və gürzlərlə çıxışına görə “dubl” edib.

Lentlə hərəkətlərdə finala adlamış Olimpiya Oyunlarına lisenziya sahibi Zöhrə isə həlledici mərhələdə 5-ci yerdə qərarlaşıb.

Gimnastlarımızı təbrik edirik!