07 aprel 2010
Azərbaycan yeniyetmələrdən ibarət qrup komandası bədii gimnastika üzrə Dünya Kubokunun mərhələsi çərçivəsində Rusiyada keçirilən "Sankt-Peterburq mirvariləri" beynəlxalq yarışda 3-cü yeri tutublar.
İradə Əhədzadə, Mədinə Həsənova, Mənsurə Mehdiyeva və Aliyə Paşayevadan ibarət dördlük iki hərəkətin yekununda yalnız Rusiya və Belarus komandalarından geridə qalıblar. Bu barədə Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidmətinin məlumatında deyilir.
" "Göy qırov" kompozisiyasının sədaları altında 4 halqa ilə və "Karnaval" sədaları altında 4 lentlə gimnastlar nəticədə, çoxnövçülükdə "bürünc" medala layiq görülüblər. Kollektiv elə həmin musiqi sədaları altında 10 gündən sonra Bremendə start götürəcək Avropa Çempionatında iştirak edəcək və ümüd edirik, yaxşı nəticə göstərəcəyik. Hələki "Avro-2010"un həm fərdi, həm də qrup iştirakçıları aprelin 13-dək komandanın Almaniyaya yola düşəcəyi günədək paytaxtın Olimpiya İdman Kompleksində məşq edəcəklər", - ölkənin yığma komandasının baş məşqçisi Mariana Vasileva qeyd edib.
Dünya Kubokunun mərhələsində çıxış edən Anna Qurbanova çoxnövçülükdə yeddinci yeri tutaraq, bütün dörd finala buraxılış əldə edib. Final turnirində onun ən yaxşı nəticəsi həmçinin lentlə 7-ci sıra olub.