İdman

gimnastikadan

başlayır

AZƏRBAYCAN GİMNASTİKA FEDERASİYASININ BAŞ KATİBİ YENİDƏN FIG-in ŞURASINA ÜZV SEÇİLİB!

27 oktyabr 2012

AZƏRBAYCAN GİMNASTİKA FEDERASİYASININ BAŞ KATİBİ YENİDƏN FIG-in ŞURASINA ÜZV SEÇİLİB!

Azərbaycan Gimnastika Federasiyasının (AGF) Baş katibi Fərid Qayıbov yenidən Beynəlxalq Gimnastika Federasiyasının Şurasına (FIG) Avropadan üzv seçilib! Təkrar seçilmə FIG-in 79-cu konqresinin keçirildiyi Kankunda (Meksika) baş tutub.

Azərbaycanın nümayəndəsi Beynəlxalq Gimnastika Federasiyasının rəhbər orqanlarından birinin tərkibinə ikinci dəfədir seçilir. Onun namizədliyinə 49 nümayəndə səs verib ki, bu, 2008-ci ildə keçirilən əvvəlki seçkidən 14 səs çoxdur.

"Mən ümumi vəzifəmizi milli federasiyalara, eləcə də yeni müstəqil dövlətlərə və inkişaf edən ölkələrə bərabərhüquqlu münasibətdə görürəm. Güman edirəm ki, gələcəkdə qəbul edilmiş qərarlar dünya ictimaiyyətinin gözündə gimnastikanın Olimpiya idman növü kimi rolunun möhkəmlənməsinə, Beynəlxalq Federasiyanın idman nüfuzunun və mənəvi imicinin artmasına xidmət edəcək", Qayıbov bildirib.

FIG-in prezidenti yenidən italiyalı Bruno Qrandi seçilib, Fransadan olan Mişel Leqliz və Kanadanın nümayəndəsi Slava Korn yenə də vitse-prezident olaraq qalıblar. Üçüncü vitse-prezident Rusiyadan Vasili Titov seçilib.

Üç Texniki komitədə rəhbərlik dəyişilib. Bədii gimnastikada vəzifəsindən istefa etmiş Texniki komitənin rəhbəri polyak Mariya Şişkovskanın yerinə Rusiyadan komitə üzvü Natalya Kuzmina seçilib.

Kişilər arasında idman gimnastikası üzrə Texniki komitəsinin prezidenti postunu rumın Adrian Stoyka tərk edib. Onun yerini amerikalı Stiv Batçer tutub. ABŞ-ın digər nümayəndəsi Toni Keys dünya akrobatikasına hakimiyyəti Belçikadan olan Rozi Timansa tapşırıb.

Qadın idman gimnastikası üzrə Texniki komitəsinin prezidenti Nelli Kim (Belarus), tamblinq üzrə TK-nın rəhbəri isə Horst Kunze (Almaniya) qalıb.

Konqres çərçivəsində Azərbaycanın nümayəndə heyəti, o cümlədən 2014-cü ildə Bakıda keçiriləcək bədii gimnastika üzrə Avropa çempionatına dair bir sıra görüşlər keçirib və danışıqlar aparıb.