İdman

gimnastikadan

başlayır

Şəki şəhərində keçirilən birgə yarışlar azarkeşlər tərəfindən böyük coşqu ilə qarşılanıb  

09 dekabr 2022

Şəki şəhərində keçirilən birgə yarışlar azarkeşlər tərəfindən böyük coşqu ilə qarşılanıb  

Dekabrın 8-də qədim tarixə və mədəniyyətə malik Şəki şəhərində Azərbaycan Gimnastika Federasiyasının yenidən qurulmasının 20 illiyinə həsr olunmuş birgə yarışlara start verilib. 
Şəki Olimpiya İdman Kompleksində 6 gimnastika növü üzrə keçirilən yarışlar gimnastikasevərlər tərəfindən böyük coşqu ilə qarşılanır. İlk dəfədir ki, paytaxtda deyil, məhz bölgədə keçirilən birgə yarışların dekabrın 9-da açılış mərasimi keçirilib. 
Azərbaycan gənclər və idman naziri Fərid Qayıbov, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, federasiya rəsmiləri və tanınmış idmançıların iştirak etdiyi mərasimdə tamaşaçılara yerli və dünya şöhrətli gimnastika ulduzlarının ifasında qala-şou təqdim olunub. 
Qala-şouda iştirak etmək üçün ölkəmizə dəvət olunmuş qadın idman gimnastikası üzrə Böyük Britaniya yığmasını təmsil edən əslən azərbaycanlı Cessika (ikiqat Avropa çempionu, dünya çempionatının qızıl və ikiqat bürünc mükafatçısı, Tokio Olimpiya Oyunlarının komanda hesabında bürünc mükafatçısı) və Cenifer Qədirova (Tokio Olimpiya Oyunlarının komanda hesabında bürünc mükafatçısı, Avropa çempionatının komanda hesabında gümüş mükafatçısı) bacıları, kişi idman gimnastikası üzrə Tokio Olimpiya Oyunlarının bürünc mükafatçısı, ikiqat Avropa çempionu, türkiyəli Ferhat Arıcan, bədii gimnastika üzrə italiyalı dünya çempionu, Avropa çempionatının gümüş mükafatçısı Milena Baldassarri, akrobatika gimnastikası üzrə İsrailin kişi qrupunun üzvləri Amir Daus, Tomer Offir (dünya çempionatının bürünc mükafatçıları), Or Abraham (gənclər arasında Avropa çempionu), Rotem Amihai və dünya yaş qrupları yarışının qalibləri Yonatan Fridman və Amy Refaelidən ibarət qarışıq cütlüyün ifasında təqdim olunan maraqlı proqram tamaşaçılara unudulmaz anlar bəxş edib. 
Şəki səhnəsində ölkəmizin tanınmış zərif gimnastları, dünya çempionatının bürünc mükafatçıları, qrup hərəkətləri komandamızın üzvləri Güllü Ağalarzadə, Ləman Əlimuradova, Zeynəb Hümmətova, Yelizaveta Luzan və Darya Sorokina, İslam Həmrəyliyi Oyunlarının qalibi, bədii gimnastımız İlona Zeynalova, eləcə də gimnastika hamı üçün növü üzrə “Alov” komandasının (“Golden Age” - 50 yaş və yuxarı) ifasında təqdim olunan parlaq çıxışlar azarkeşlərə həyəcanlı anlar yaşadaraq, onlar tərəfindən maraqla qarşılanıb. 
İzləyicilərin həm çıxışlar, həm  də açılış mərasimi zamanı gimnastları dəstəkləməsi və möhtəşəm azarkeşliyi yarışlara xüsusi rəngarənglik qatıb.
Məhz bölgədə təşkil olunan yarışda böyük izdiham və coşqunun müşahidə edilməsi ölkəmizdə idmana, eləcə də gimnastikaya nəinki paytaxtımızda, həmçinin regionlarda da böyük maraq olduğunu, eləcə də AGF-nin yüksək təşkilatçılıq bacarığını bir daha təsdiqləyir. 
Azərbaycana dəvət olunmuş əcnəbi qonaqlar da yarışın təşkilatçılığını yüksək qiymətləndirərək, ölkəmizə, eləcə də qədim Şəki şəhərinə olan heyranlığını ifadə ediblər. 
Qeyd edək ki, yarışın ilk iki günündə aerobika gimnastikası üzrə 6-cı, akrobatika gimnastikası üzrə 27-ci Azərbaycan çempionatında qaliblər müəyyənləşib. İdman həvəskarları növbəti iki gün ərzində idman gimnastikası üzrə 27-ci, qadın idman gimnastikası, batut gimnastikası üzrə 6-cı, tamblinq üzrə 18-ci Azərbaycan çempionatı, bədii gimnastika üzrə 27-ci, aerobika gimnastikası üzrə 6-cı Azərbaycan birinciliyi zamanı gimnastların maraqlı və rəngarəng çıxışlarına şahidlik etmək imkanı əldə edəcəklər. 

İdmançıların nəticələri haqda ətraflı məlumatı www.agf.az saytından əldə edə bilərsiniz.