30 oktyabr 2021
Yaponiyanın Kitakyuşu şəhərində təşkil olunmuş bədii gimnastika üzrə Dünya Çempionatı çərçivəsində Beynəlxalq Gimanstika Federasiyasının (FIG) Atletlər Komissiyasının üzvlüyünə seçkilər keçirilib.
Bu seçkilərdə hazırda bədii gimnastika üzrə yığma komandanın məşqçisi, Avropa Çempionatının 3-qat mükafatçısı, çoxsaylı beynəlxalq yarışların qalib və medalçısı Siyana Vasileva da öz namizədliyini irəli sürüb.
26 oktyabr tarixində keçirilmiş seçkilərin ilk mərhələsində ümumilikdə 6 ölkə təmsilçisi iştirak edib. 28 oktyabrda keçirilmiş son seçkilərdə isə 3 ölkə nümayəndəsi rəqabət aparıb. Siyana rəqiblərini üstələyərək, bədii gimnastların rəsmi nümayəndəsi seçilib.
Azərbaycanın bədii gimnastika tarixində ilk dəfədir ki, təmsilçimiz Atletlər Komissiyasının üzvü seçilir.
Bədii gimnastların nümayəndəsi kimi, Siyana avtomatik olaraq FIG-nin bədii gimnastika üzrə Texniki Komitəsinin iclaslarında atletləri təmsil edəcək.
O, Atletlər Komissiyasının üzvü kimi faəliyyətini 1 yanvar 2022-ci ildən 31 dekabr 2025-ci il tarixinədək davam etdirəcək.
Həm gimnast, həm də məşqçi kimi ölkəmizi daim layiqincə təmsil etmiş Siyanaya bu fəaliyyətində də uğurlar arzulayırıq!