İdman

gimnastikadan

başlayır

MİLLİ GİMNASTİKA ARENASINDA İDMAN BAYRAMI

12 avqust 2014

MİLLİ GİMNASTİKA ARENASINDA İDMAN BAYRAMI

Bakıda ilk dəfə olaraq gimnastikanın altı növünü - kişi və qadın idman gimnastikası, tamblinq, batut, akrobatika və aerobika gimnastikasını özündə birləşdirən iki günlük Birgə Yarış yekunlaşıb.

Yarışın ilk günü, çoxnövçülükdə fərqlənən idmançıların çıxışları ilə əlamətdar oldu. Marina Nekrasova müvafiq olaraq gümüş və bürünc medal qazanan Mariya Smirnova və Yuliya İnşınanı qabaqlayaraq, mütləq çempion adını qazandı. Qeyd edək ki, müstəqil Azərbaycan tarixində bu, qadın idman gimnastlarının yarış çərçivəsində ilk çıxışları idi.

“Qalib gəlməyi çox istəyirdim və çox sevincliyəm” – deyə, Marina Nekrasova öz qələbəsini şərh edib. “Bundan başqa mən yeni elementlər, yeni kombinasiyalar etdim və nəticədə 1-ci oldum”. Gimnast həmçinin, yarışın keçirildiyi arenanın da möhtəşəmliyindən danışdı.

Dayaqla tullanmada qitə birinciliyinin gümüş mükafatçısı Anna Pavlova, öz sevimli alətində çıxış edərək tamaşaçıları sevindirdi. O, mövsümün ikinci yarısında forma yığmağa çalışdığı üçün, məşqçinin onun qarşısında bütün alətlərdən keçmək tapşırığı qoymadığını qeyd edib.
  

“Biz Avropa Oyunlarının keçiriləcəyi zalın abu-havasını hiss etdik. Çempionatda iştirak etməklə yanaşı, arenada podium məşqləri də etmək üçün imkanımızın olması bizim üçün çox vacibdir” - deyə Pavlova vurğulayıb. Həmçinin o, ilin ikinci yarısının əsas startı komandanın hazırlaşdığı Dünya Çempionatı olacağını qeyd edib. “Azərbaycan Birinciliyi çərçivəsində biz yeni bacarıqlarımızı nümayiş etdirə bildik, əlbətdə ki, məşqlər başqa, yarışlar başqa”.

Yarışın ikinci günü tamaşaçı və azarkeşlər üçün idman gimnastlarının inanılmaz möhtəşəm çıxışları ilə yaddaqalan oldu. Onların arasında komandanın lideri, yarış nəticələrinə görə ölkənin mütləq çempionu Oleq Stepko və  gümüş medal qazanan Petr Paxnyuk xüsusilə seçildi. Yarışın bürünc mükafatçısı isə digər gimnast Ruslan Namazov oldu.

İdman gimnastikası sevərlər üçün əsl sürpriz, Pekində keçirilən Olimpiya Oyunlarının gümüş mükafatçısı, xorvatiyalı gimnast Ude Filipin at üzərində parlaq çıxışı oldu.
    

Çempionat bitdikdən sonra Stepko öz təəssüratları ilə bölüşüb. “Azərbaycan Çempionatı yarışların yaxşı cəhətlərindən biri də o idi ki, alətlər bir alt taxta konstruksiya üzərində yerləşdirilmişdi və bu da böyük ril oynayır. Bu yarışa xüsusi abu-hava verdi, əlbətdə ki, məşq başqa, bu cür şəraitdə çıxış etmək başqa. Olduqca fərqli münasibət, fərqli iş, bu mənada yarışın bütün iştirakçıları qazandı” – deyə, Stepko qeyd edib.

Həmçinin, onun sözlərinə görə bu yarış bir növ Dünya Çempionatına hazırlıq mərhələsi oldu. ”Qarşıda bizi gözləyən Türkiyə startından sonra mundiala 1 ay qalacaq. Dünya Çempionatından sonra isə bütün fikirlərimiz Bakıda keçiriləcək Avropa Oyunlarına hazırlığa yönələcək. Belə ki, qrafikimiz olduqca gərgin, işlər isə sonsuzdur” – deyə Stepko bildirib.

Çempionatda idman gimnastikası ilə yanaşı, akrobatika və tamblinq də təmsil olunurdu. Aynur Hüseynova, Nərmin Ramazanova və Lalə Hüseynovadan ibarət qrup öz parlaq çıxışları sayəsində tamaşaçıların yaddaşlarında iz buraxdılar. Aygün Əhmədova və Ruhidil Qurbanlıdan ibarət cütlük isə gənc istedadlar arasında yeganə qalib oldular.

Tamblinqçilərin də çıxışları olduqca valehedici idi -  bu idmançılar sanki yerə toxunmadan havada pərvazlanırdılar. İstedadlı Azərbaycan tamblinqçisi Mixail Malkin, rəqibləri Hafiz Rzayev və Səid Səlimovu geridə qoyaraq qızıl medal qazandı.

Əsas çıxışlar arası fasilələrdə ölkənin aerobika üzrə yığma komandasının üzvləri Dmitriy Dolmatov, Anna Poleşuk, Vera Bosıx, Anastasiya Koltunova və Yekaterina Kotlyarova tamaşaçıları öz nümunəvi çıxışları ilə sevindirdilər. Bundan əlavə, batut gimnastları Oleq Piunov, İlya Qrişunin, Ruslan Ağamirov və Svetlana Makştaryova öz alətlərində nəfəs kəsən atlayışlar nümayiş etdirdilər.

Tanınmış Rusiyalı gimnast, Atlantada keçirilən Olimpiya Oyunlarının-1996 çempionu, Sidneydə keçirilən Olimpiya Oyunlarının-2000 bürünc mükafatçısı Yevgeniy Podqorniy öz iştirakı ilə çempionatı şərəfləndirdi. Tədbirin təşkilatçığını yüksək qiymətləndirən Podqornıy, paytaxtımıza olan heyranlığını ifadə etdi.

“Şəhərin bu qədər gözəl və müasir olduğunu təsəvvür belə etmirdim. Demək olar ki, dostlarımla şəhərin hər yerində olmuşam və hər dəfə bura mənim üçün fərqli şəkildə aşkarlanır – daha maraqlı və gözəl, bu çox möhtəşəmdir”.

Qeyd edək ki, gimnastika növlərinin populyarlaşması istiqamətində bu, federasiya tərəfindən keçirilmiş ilk Birgə Yarış deyil. Bundan əlavə, bir neçə gimnastika növlərinin Birgə Yarışı tamaşaçılar üçün də daha cəlbedicidir. Belə ki, onlar növbə ilə idman gimnastikası, akrobatika və tamblinq üzrə çıxışların bir-birini əvəz etməsi ilə yarışların gedişatını əyani surətdə izləmək imkanına malik idilər.

Azərbaycan Gimnastika Federasiyası bu dəfə də birgə yarışlara beynəlxalq dərəcəli hakimləri dəvət etmişdir. Belə ki, Beynəlxalq Gimnastika Federasiyasının Texniki Komitəsinin üzvü, Latviyalı Arturs Mitskevitçs, Avropa Gimnastika İttifaqının Texniki Komitəsinin iki üzvü – xorvatiyalı Mario Vukoya və rusiyalı Dmitriy Andreyev, həmçinin Gürcüstan Gimnastika Federasiyasının vitse-prezidenti Besarion Qamsaxurdiya, Belarus Gimnastika Federasiyasının baş katibi Andrey Fedorov və Qazaxıstanın Astana Gimnastika Məktəbinin baş məşqçisi Aleksandr Kim Azərbaycan gimnastlarının çıxışlarını qiymətləndirirdi.

Bədii gimnastika üzrə Azərbaycan və Avropa Çempionatlarının müvəffəqiyyətlə keçirildiyi Milli Gimnastika Arenası bu dəfə, Bakıda keçiriləcək ilk Avropa Oyunlarına təsnifat turniri ərəfəsində gimnastikanın digər növləri üzrə yarışları qəbul etdi.

Bu yarışlarda dörd idman cəmiyyəti – Bakı Gimnastika Məktəbi, Respublika Olimpiya İdman Litseyi, Nizami rayonu İdman Məktəbi və “Neftçi” cəmiyyətini təmsil edən ümumi 80 idmançı iştirak edirdi.