İdman

gimnastikadan

başlayır

Avropa kubokunun ulduzları

30 aprel 2025

Avropa kubokunun ulduzları

Bakıda keçiriləcək Bədii gimnastika üzrə Avropa kuboku 25 ölkədən zərif gimnastları bir araya gətirir. Bu nüfuzlu yarışda müxtəlif ölkələrdən məşhur gimnastlar öz bacarıqlarını nümayiş etdirmək üçün Bakıya toplaşacaqlar. Gəlin, Avropa kuboku uğrunda mübarizə aparacaq ulduz gimnastlara birlikdə nəzər salaq.
Xüsusi diqqətimizi cəlb edən gimnastlardan biri bizə yaxşı tanış olan İtaliya təmsilçisi Sofiya Raffaelidir. Paris-2024 Yay Olimpiya Oyunlarının bürünc medalçısı olan Sofiya, həmçinin Dünya və Avropa çempionatlarının beşqat mükafatçısıdır. Yeri gəlmişkən, o, bu yaxınlarda Bakıda keçirilmiş Dünya kubokunun da qalibi olmuşdu.
Sofiyanın həmyerlisi, istedadlı gimnast Tara Draqas da Bakıda çıxış edəcək. Sara həm gənclər, həm də böyüklər arasında beynəlxalq yarışlarda uğurlar qazanıb. O, 2024-cü ildə Budapeştdə keçirilən Avropa çempionatında komanda hesabında gümüş medal əldə etmişdi.
Macarıstanın parlayan ulduzu Fanni Piqnitski də bu mötəbər yarışda öz gücünü sınayacaq. O, Valensiyada keçirilmiş Dünya çempionatının bürünc, ötənilki Avropa çempionatının isə gümüş mükafatçısıdır. Həmin yarışda bürünc medal qazanan Ukrayna təmsilçisi Taissiya Onofriçuku da Bakıda izləyəcəyik. Qeyd edək ki, Taissiya cəmi iki həftə əvvəl Bakıda keçirilmiş Dünya kubokunda ən çox medal qazanan gimnast olmuşdu.
Milli Gimnastika Arenası üçün yad olmayan digər bir sima Polina Karika da yarışın iştirakçılarındandır. O, 2023-cü ildə Bakıda keçirilən Avropa çempionatında bürünc medala layiq görülmüşdü.
Rumıniya komandasının tərkibində isə beynəlxalq arenada təcrübəli çıxışları ilə tanınan Andreya Verdes və Amalia Lika yer alacaq. Xüsusilə Amalia, ötən il Bakıda keçirilmiş Avropa kubokunda tam dörd dəfə fəxri kürsüyə yüksəlməyi bacarmışdı.
Qrup hərəkətləri proqramlarında isə biz bədii gimnastika sahəsində zəngin ənənələrə sahib olan İtaliya və Bolqarıstan komandalarının performanslarını izləyəcəyik. Hər iki komanda dünya miqyasında uğurları ilə tanınır və yarışa rəqabət ruhu qatacaq.

Bir sözlə, qarşıda bizi zəriflik, bacarıq və estetik harmoniyanın möhtəşəm vəhdəti gözləyir.