08 iyul 2023
İyulun 7-də Rumıniyanın Kluj-Napoka şəhərində bədii gimnastika üzrə gənclər arasında 2-ci dünya çempionatına start verilib.
Çempionatda ölkəmizi Azərbaycan yığma komandasının üzvləri, fərdi gimnastlar Şəms Ağahüseynova, Nuray Əhmədzadə, Nəzrin Abdullayeva, qrup hərəkətləri komandasının üzvləri Gövhər İbrahimova, Səkinəxanım İsmayılzadə, Mədinə Aslanova, İlahə Bahadırova, Ayan Sadıqova və Zəhra Cəfərova təmsil edir.
Bu gün, yarışın ikinci günü qrup hərəkətləri üzrə yığma komandamızın tarixi bürünc medalı ilə yadda qalıb.
Belə ki, təmsilçilərimiz Azərbaycan gimnastika tarixində gənclər arasında keçirilən dünya çempionatında ilk dəfə olaraq çoxnövçülük proqramında (59.400) bürünc medala layiq görülüb.
Gimnastlarımız həmçinin ayrı-ayrı alətlər (5 ip və 5 top) üzrə də finala vəsiqə qazanıblar.
Bu gün həmçinin gimnastlar fərdi proqramda gürzlər və lentlə kompozisiyalarını nümayiş etdiriblər.
Fərdi birincilikdə Nuray Əhmədzadə lentlə 9-cu, Nəzrin Abdullayeva isə gürzlərlə hərəkətlərdə 11-ci pillədə yer alıb.