24 sentyabr 2019
Paytaxtımızın ev sahibliyi etdiyi bədii gimnastika üzrə Dünya Çempionatı öz işinə yekun vurdu. 61 ölkə və 300-dən çox gimnast ilin ən əhəmiyyətli turnirində 1 həftə boyunca mübarizə apardı. Milli Gimnastika Arenasında nəinki dünya çempionlarının adları, həm də Tokio Olimpiadasına vəsiqə qazanan ən şanslı gimnastları müəyyənləşdi. Azərbaycan komandası üçün isə bu çempionat əsl bayrama çevrildi.
Gərgin məşqlər, tükənməyən əzmkarlıq, qarşıya qoyulan məqsədlər öz bəhrəsini verdi. Ölkəmiz Zöhrə Ağamirovanın timsalında fərdi proqramda, Aliyə Paşayeva, Diana Əhmədbəyli, Darya Sorokina, Ayşən Bayramova və Zeynəb Hümmətova isə qrup hərəkətləri komandası tərkibində çoxdan gözlənilən uğura imza ataraq, Olimpiya Oyunlarına lisenziyanı təmin etdilər. Qızlarımız uzun yolun sonunda bütün onları dəstəkləyənlərə ən xoş hədiyyəni verərək, bir daha öz güclərini nümayiş etdirdilər.
Çempionat bir çox komandalar üçün ən yaddaqalan yarışlardan birinə çevrildi. Öz gimnastlarını dəstəkləmək üçün müxtəlif ölkələrin azarkeşləri Bakıya qonaq gələrək, 7 gün boyunca nağıllar aləminə səyahət etdilər. Şərq nağılı üslubu dekorasiyalarla bəzədilmiş zal nəinki gimnastların zövqlü və peşəkar çıxışlarına, həm də ən çılğın fanatların həyəcanlı emosialarına şahidlik etdi.
Çempionatın ən məzəli siması isə şübhəsiz ki, Qur-Qur idi. Hər kəsin sevimlisinə çevrilmiş, gimnastika yarışlarının maskotu bu dəfə də öz zarafatları, maraqlı proqramları ilə izləyicilərə unudulmaz anlar yaşatdı.
“Nağıllar Gerçəkləşəcək” sloqanı ilə 16 sentyabrda start götürən çempionat, məsuliyyət, rəqabət, həyəcanlı gözləntilər, qələbə və üzüntü göz yaşlarını geridə qoyaraq, nağılları gerçək etdi.