İdman

gimnastikadan

başlayır

Bədii gimnastika üzrə Azərbaycan Çempionatı və Bakı Birinciliyi sona çatdı

12 avqust 2018

Bədii gimnastika üzrə Azərbaycan Çempionatı və Bakı Birinciliyi sona çatdı

Bu gün, Milli Gimnastika Arenasında bədii gimnastika üzrə 25-ci Azərbaycan Çempionatı və Bakı Birinciliyinə yekun vuruldu.

3 gün davam edən yarışlarda balacalar (2008-2010-cu il) alətsiz, top, halqa, yeniyetmələr (2006-2007-ci il) alətsiz, ip, top, gürzlər, gənclər (2003-2005-ci il) və böyüklər (2002-ci il təvəllüdlü və daha böyük) yaş kateqoriyasında yer alan gimnastlar isə halqa, top, gürzlər və lent ilə  çıxışlar nümayiş etdirdilər.

Balacalar və yeniyetmələr yaş kateqoriyasında çıxış edən qrup hərəkətləri komandaları isə alətsiz, top və lent ilə kompozisiyalar icra edərək, birincilik uğrunda yarışdılar.

Ümumilikdə 117 gimnastın təmsil etdiyi 8 klub arasında (Bakı Gimnastika Məktəbi, "Ocaq Sport" Klubu, "AyUlduz" Klubu, Sərhədçi İOM, Respublika Kompleks İdman Məktəbi, "Zirvə" İdman Klubu, o cümlədən Qusar və Gəncə) çoxnövçülük və ayrı-ayrı alətlər üzrə (gənclər) nəticələrə əsasən, “Ocaq Sport” Klubu və Bakı Gimnastika Məktəbinin yetirmələri fəxri kürsüyə yüksələ bildilər.

Gimnastlar 3 gün boyunca həyəcan və əzmlə mübarizə apararaq, hakimlərin, eləcə də onları dəstəkləməyə gələn azarkeşlərin rəğbətini qazanmağı bacardılar. Turnirin sonunda isə azyaşlı gimnastlardan ibarət qrup komandaları öz nümunəvi çıxışlarını təqdim edərək, tamaşaçılara maraqlı anlar yaşatdılar.

Yarışların nəticələri barədə ətraflı məlumatı federasiyanın internet səhifəsindən  http://agf.az/az/competitions/information/173 əldə edə bilərsiniz.