08 aprel 2013
Azərbaycanın yeniyetmə gimnastlardan ibarət qrup komandası Lissabonda keçirilən Dünya kubokunun növbəti mərhələsi çərçivəsində beynəlxalq turnirdə bürünc medallar qazanıb.
Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, Gülsüm Şəfizadə, Nülufər Niftalıyeva, Səbinə Hümmətova, Emiliya Bağıyeva və Aynur Mustafayeva 29.15 bal nəticə ilə finalda beş halqa ilə hərəkətlərdə Rusiya və Belarusdan sonra üçüncü yeri tutublar. Mayın sonunda Vyanada keçiriləcək Avropa birinciliyinə hazırlaşan gimnastlarımız təsnifatda demək olar ki, həmin nəticə göstəriblər.
"Məni, həmçinin fərdi gimnastlardan təşkil olunmuş yeniyetmələrdən ibarət digər komanda sevindirdi. Jalə Piriyeva və Züleyxa İsmayılova (hər ikisi 2000-ci il təvəllüdlü), həmçinin Veronika Ömərova (1999-cu il təvəllüdlü) üçüncü pilləni tutan amerikalı idmançılardan geri qalaraq 19 komanda arasında dördüncü olublar. Hesab edirəm ki, onlar əla çıxış etdilər və rəqibləri arasında ən gənc olmalarına baxmayaraq, mükafatlar uğrunda bərabər səviyyədə mübarizə aparıblar", milli komandanın baş məşqçisi Mariana Vasileva deyib.
Dünya kuboku yarışlarında iştirak etmiş yaşca böyük idmançılar da dörd finalla yadda qalıblar. Belə ki, Lalə Yusifova topla tapşırıqda beşinci olub. Məşqçinin sözlərinə görə, Lalə bu tapşırığı elə yerinə yetirib ki, auditoriya onu ayaqüstə alqışlayıb. Lalə finalda gürzlərlə hərəkətlərdə altıncı, çoxnövçülükdə isə səkkizinci olub.
Digər iştirakçımız Marina Durunda da finalda gürzlərlə tapşırıqda yarışıb və beşinci yerlə kifayətlənib.
Hər iki halda da qələbəni rusiyalı Marqarita Mamun qazanıb.
Azərbaycanın qrup komandasına gəlincə, Səbinə Abbasova, Siyana Vasileva, Aliyə Paşayeva, İradə Əhədzadə, Səbinə Qaratova və Mənsurə Bağıyeva 3 top və 2 lentlə hərəkətlərdə finala çıxıblar və orada 8-ci yer tutublar. Onlar ikinövçülüyün cəmində doqquzuncu olublar.
Bu həftənin sonunda gimnastlarımızı aprelin 13-14-də Riqada keçiriləcək beynəlxalq turnir gözləyir. Yarışda 2013-cü il Avropa çempionatının gələcək iştirakçıları Lalə Yusifova, Marina Durunda və yeniyetmələrdən ibarət qrup mübarizə aparacaq.