08 mart 2019
Dünən, Milli Gimnastika Arenasında İdman Gimnastikası üzrə Dünya Kubokunun (14-17 mart) yoxlama-məşq toplanışı keçirilib. Yarışlara sayılı günlər qalmış, Təşkilat Komitəsi yoxlama toplanışını yarış formatında test edərək, bölmələr üzrə hazırlıq prosesini dəyərləndirmiş, həmçinin təmsilçilərimiz Murad Ağarzayev, İvan Tixonov, Nikita Simonov və qadın idman gimnastımız Marina Nekrasova öz proqramlarını tam şəkildə icra etmişlər.
Qeyd edək ki, kubokda gimnastlarımızdan Murad və Nikita 3 alətdə çıxış edəcək. İvan isə bütün alətlərdə öz gücünü sınayacaq. Xanım təmsilçimiz də həmçinin bütün alətlərdə medallar uğrunda mübarizə aparacaq.
Xatırladaq ki, bu Dünya Kuboku Olimpiya Oyunları 2020-ə lisenziya xarakteri daşıyır. Və ilk dəfədir ki, idman gimnastları bu qəbildən olan yarışlardan bir-başa Olimpiyadaya xallar toplayacaqlar. Təsnifat xarakterli Kuboklar seriyasının ilk yarışı ötən ilin noyabrında Almaniyanın Kotbus şəhərində 50 ölkənin iştirakı ilə start götürmüşdü. Bu ilin fevral ayında isə 32 ölkədən idman gimnastları Melburnda (Avstraliya) baş tutan Dünya Kubokunda çıxış etmişdilər.
Paytaxtımızın ev sahibliyi edəcəyi sayca 3-cü təsnifat yarışında isə 41 ölkənin təmsilçiləri mübarizə aparacaqlar və onlar arasında bir çox Olimpiya mükafatçıları, Dünya və Avropa medalçılarını görə biləcəyik. 4 gün davam edəcək bu kubokdan bir neçə gün sonra isə gimnastlar 2019-cu ilin sonuncu Olimpiya təsnifatı yarışında iştirak etmək üçün Dohaya (Qətər) yola düşəcəklər.
Odur ki, Milli Gimnastika Arenasında idmançılarımıza dəstək olmaq üçün, həmçinin hər alət üzrə peşəkarların möhtəşəm performanslarını qaçırtmamaq üçün biletlərinizi əldə etməyə tələsin.
Biletləri Arenanın kassasından, 28 və Gənclik Mall alış-veriş mərkəzlərində yerləşən kassalardan, həmçinin onlayn (https://ticketing.mga.az/) ala bilərsiniz.