05 iyun 2008
Yadınıza gəlirsə, 10-15 il bundan əvvəl Şimali Amerikanın basketbol assosiasiyasında – “Filadelfia-76” adlı komanda çıxış edirdi. Həmin komandanı bütün Avropa tanıyır və sevirdi: axı bu komandada böyük basketbolçu Olimpiya çempionu Çarlz Barkli oynayırdı.
İndi isə Avropada “Filadelfiya-82”-in mövcud olmasını da bilirlər. Doğrusu bu nə basketbol, nə də futbol klubudur. Bu, bədii gimnastika üzrə 24-cü Avropa çempionatının start götürdüyü, Palasport Olimpico İsozaki Kompleksinin yerləşdiyi Turinin mərkəzi küçəsidir. Kompleks xüsusi olaraq 2006-cı ildə xokkey üzrə Olimpiya turnirinin keçirilməsi üçün inşa olunmuşdur. Hal-hazırda, burada gimnastika afişaları və şəkilləri ilə yanaşı bunu təsdiqləyən fotobanerlər də vardır.
Bu gün isə, Turində çempionatın ilk medalları oynanılmış və çoxnövçülüyün yekunu üzrə qrup komandaları arasında qaliblər müəyyən olunmuşdur.
Azərbaycan komandası proqramın bu növündə 31.825 xal toplayaraq, 8-ci yerə layiq görülmüşdür. Bu, Vəfa Hüseynova, Anna Bitiyeva, Valeriya Yeqay, Alina Tryopina və Anastasiya Prasolovanın hər iki finala (5 ip və 3 halqa/4 gürzlə) vəsiqə qazanması üçün imkan yaratmışdır.
İplərlə hərəkətlərə görə, Mariana Vasilevanın məşq etdirdiyi gimnastlar 16.2 xal toplamışlar (7-ci yer), onların halqa və gürzlərlə çıxışını isə hakimlər 15.65 xalla (8-ci yer) qiymətləndirmişlər. Hər iki final şənbə günü keçiriləcək. Mütləq hesabda isə Avropa çempionu Rusiya gimnastları olmuşlar. Gümüş medalı Belarus gimnastı, bürünc medalı isə xalça sahibləri qazanmışlar.
Qrup komandalarının çıxışlarından əvvəl yuniorlar çıxış etmişlər. Bizim gimnastlardan xalça üzərinə birinci Samirə Mustafayeva çıxmışdır. Halqa ilə çıxışa görə, o, 23.25 xal toplayaraq 33 iştirakçı arasında 9-cu yerə layiq görülmüşdür. Bu alətlə, o, final mərhələsinə keçməmiş, lakin ilk ehtiyat gimnastı statusu almışdır. İkinci gimnastımız Nigar Əbdüsəlimova iplə yarışlarda 26-cı yerdə qərarlaşmışdır (21.35 xal). Sabah, iyunun 6-ı gənc gimnastlar çıxışlarını davam etdirəcəklər: Samirə Avropa hakimlər kollegiyası qarşısında topla kompozisiya nümayiş etdirəcək, Nigar isə lentlə çıxış edəcək. Sabah, xalça üzərinə həmçinin senior gimnastlar çıxacaqlar – Aliyə Qarayeva və Dinarə Gimatova Avropa çempionatının çoxnövçülük üzrə final mərhələsində çıxış edəcəklər.