05 fevral 2017
Bu həftəsonu Avropa Gimnastika İttifaqının Lozannadakı (İsveçrə) baş qərargahında həmin qurumun İcraiyyə Komitəsinin iclası baş tutmuşdur.
Görüşdə Azərbaycan Gimnastika Federasiyasının 2020-ci ildə idman gimnastikası üzrə Avropa Çempionatının ölkəmizdə keçirilməsi ilə bağlı irəli sürdüyü namizədliyə baxılmış və müzakirələrdən sonra Kişi İdman Gimnastikası üzrə 34-cü Avropa Çempionatının 6-10 may tarixlərində paytaxtımızda keçirilməsi qərara alınmışdır. Qadın İdman Gimnastikası üzrə 33-cü Avropa Çempionatının təşkili isə Parisə (Fransa, 13-17 may 2020-ci il) həvalə olunmuşdur.
Qeyd edək ki, Beynəlxalq Gimnastika Federasiyasının 2017-2020-ci il Olimpiya dövrü üzrə yeni qaydalarına əsasən Avropa Çempionatlarında da Tokio-2020-yə lisenziya oynanılır.
Bundan əlavə, Azərbaycan Gimnastika Federasiyası növbəti Olimpiadaya qədər gimnastikanın 3 növü üzrə (idman gimnastikası, batut gimnastikası, bədii gimnastika) məhz lisenziya xarakteri daşıyan Dünya Kuboku mərhələləri, həmçinin bədii gimnastika üzrə Dünya Çempionatı təşkil edəcək.