29 aprel 2017
Bədii gimnastika üzrə qrup hərəkətlərində Bolqarıstan yığması Dünya Kubokunun qızıl medalını qazanıb.
Trend-in məlumatına görə, iki hərəkətin yekunlarına görə Bolqarıstan gimnastları 36,550 bal yığıblar.
35,500 bal nəticəsi ilə ikinci yeri və gümüş medalı İtaliya gimnastları qazanıblar. 35,100 bal nəticəsi ilə bürünc medalı isə Ukrayna gimnastları qazanıblar.
Bədii gimnastika üzrə qrup hərəkətlərində Azərbaycan yığması 34,700 bal yığaraq 4-cü yerdə qərarlaşıb.
Qeyd edək ki, aprelin 28-də Bakıda bədii gimnastika üzrə FIG Dünya Kuboku yarışlarına start verilib. Aprelin 30-dək davam edəcək yarışlara 21 ölkədən 94 gimnast qatılıb. Onlardan 34 nəfəri fərdi proqramda, 58 nəfəri isə ümumilikdə 10 qrup hərəkətləri komandasının tərkibində çıxış edir.
Ölkəmizi bu turnirdə yeniyetmələr proqramında Avropa çempionatının gümüş və bürünc medalçısı Jalə Piriyeva, istedadlı gimnast Zöhrə Ağamirzəyeva, həmçinin Avropa çempionatının qrup hərəkətləri komandasının tərkibində gümüş medalçıları Siyana Vasileva, Diana Doman, Aleksandra Platonova, Ayşən Bayramova və Elif Zeynep Celep təmsil edirlər.
Yarışlarda tamaşaçılar Azərbaycanın tanınmış gimnastları ilə yanaşı, bir çox xarici favorit idmançıların da çıxışlarını izləmək şansı əldə edəcəklər. Belə ki, yarışlarda 2 qat dünya çempionu və Avropa çempionu Aleksandra Soldatova (Rusiya), Avropa çempionatının bürünc mükafatçısı Zelikman Nikol (İsrail) və Rusiya (Olimpiya Oyunlarının qızıl medalçısı), İspaniya (Olimpiya Oyunlarının gümüş medalçısı), Bolqarıstan (Olimpiya Oyunlarının bürünc medalçısı), Belarus (dünya çempionatının bürünc mükafatçısı) qrup hərəkətləri komandaları iştirak edirlər.