İdman

gimnastikadan

başlayır

Yeni il şousu baş tutdu

24 dekabr 2017

Yeni il şousu baş tutdu
24 dekabr tarixində Milli Gimnastika Arenasında günlərdir gözlənilən “Evdə tək” adlı yeni il şousu baş tutdu.

Şounun adından göründüyü kimi bu dəfə izləyiciləri 27 il öncə ABŞ-da çəkilmiş filmin ssenarisi əsasında hazırlanmış əyləncəli tamaşa gözləyirdi. Amma tamam fərqli bir üslubda. Filmi xatırladan dekorasiyalarla bəzədilmiş meydançada nə peşəkar aktyorlar var idi, nə də böyük çəkiliş komandası. Elə əsl maraq doğuran məqam da bu idi ki, tamaşanın bütün qəhrəmanları gimnastikanın 7 növü üzrə yığma komandaların üzvlərindən ibarət idi. Lakin bu hələ son deyildi. Bu dəfə gimnast və məşqçilərlə bərabər şouda xüsusi qonaqlar – məhdud imkanlı uşaqlar da yer almışdı. Elə məhz onların çıxışları ilə yeni il tədbirinə start verildi. Əqli və fiziki imkanları məhdud uşaqlar üçün yenicə açılmış ilk gimnastika bölməsinin yetirmələri birinci dəfə idi ki tamaşaçı qarşısına çıxırdılar. Həyəcan dolu baxışlarla ətrafı süzərək öz çıxışlarını icra edən kiçik dostlarımız  bayrama öz töhfələrini verdilər.

Ardınca isə tamaşanın balaca qəhrəmanının əhvalatları başladı. Gəncəyə istirahətə gedən ailə  və evdə tək qalan balaca Kənan. Filmdə olduğu kimi Kənan da evə basqın etməyə çalışan oğrularla mübarizə aparır və gimnastika alətlərinin köməyi ilə onlara müxtəlif tələlər qurur. Yekunda isə onun köməyinə polislər çatır. Maraqlı musiqilər, rəngarəng işıqların müşaiyəti ilə davam edən şou xoşbəxt sonluqla bitir və ailəsi Kənana qovuşur.

Ötən illərdə olduğu kimi, bu il də təşkil olunan yeni il şousunun quruluşçu rejissoru bədii gimnastika üzrə yığma komandamızın baş məşqçisi Mariana Vasileva idi. Bütün heyətlə bərabər böyük əmək sərf edən və gərgin məşqlərin sayəsində ərsəyə gələn bu tamaşa gimnastika ailəsinin gücünü və birliyini bir daha tərənnüm etdi.