İdman

gimnastikadan

başlayır

FİNALDA 6-CI YER

31 mart 2013

FİNALDA 6-CI YER

Azərbaycan gimnastları Qran-prinin növbəti mərhələsinin və bu yarışlar çərçivəsində Fransanın Tye şəhərciyində keçirilmiş beynəlxalq turnirin üç finalının iştirakçısı olublar.

Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidmətindən bildiriblər ki, finala ilk vəsiqəni təsnifatda lentlə hərəkətlərdə beşinci və çoxnövçülükdə doqquzuncu nəticə göstərən Marina Durunda qazanıb.

O, finalda bu alətlə bir gün əvvəl topladığı qədər (17.0) bal toplayıb, lakin qarşıdakı Avropa çempionatına ev sahibliyi edəcək Avstriya idmançısından geri qalaraq altıncı olub. Mükafatçılar isə rusiyalı Marqarita Mamun, bolqar Silviya Miteva və belaruslu Melitina Stanyuta olublar.

İkinci azərbaycanlı iştirakçısı Lalə Yusifova 23-cü yerlə kifayətlənib.

Tanınmış gimnastların diqqəti 2013-cü il mayın sonunda keçiriləcək Avropa çempionatına yönəldiyi halda, böyüklərdən ibarət qrup komandaları üçün ciddi sınaq avqustda Ukraynada keçiriləcək dünya çempionatı ilə başlayacaq. Tərkibində Səbinə Abbasova, Siyana Vasileva, Aliyə Paşayeva, İradə Əhədzadə, Səbinə Qaratova və Mənsurə Bağıyevanın olduğu milli komanda beynəlxalq turnirin hər iki final mərhələsinə çıxıb, kollektiv burada üç halqa və iki lent hərəkətləri ilə daha yaxşı çıxış edərək altıncı olub. Beş cüt gürzlə kompozisiyaya görə gimnastlarımız 7-ci yekun nəticə əldə ediblər. Fərdi yarışmada olduğu kimi, burada da rusiyalı gimnastlar qələbə qazanıblar. Çin idmançıları ikinci, ispanlar isə üçüncü olublar.

Gimnastlar üçün növbəti yarış məkanı Pireney yarımadası olacaq. Aprelin 4-7-də Lissabonda Dünya kubokunun mərhələsi və beynəlxalq turnir keçiriləcək. Yarışda ölkənin böyüklər və gənc idmançıları iştirak edəcəklər.