20 aprel 2015
Dünən, Polşa və Qazaxıstanda bədii gimnastika üzrə beynəlxalq turnirlər yekunlaşıb.
Polşadan, Azərbaycan gimnastları qızıl və gümüş medal gətiriblər. Yeniyetmə gimnastımız Jalə Piriyeva çoxnövçülükdə fəxri kürsünün ilk pilləsinə yüksələrək, bütün rəqiblərini üstələdi. Gümüş medalı yeniyetmələrdən ibarət qrup komandamız əldə edib. Onlar bu dəfə də hakimlər briqadasını və tamaşaçıları laqeyd qoymayıblar. Adət edildiyi kimi, pop-musiqisinin kralı Maykl Ceksonun “Smooth Criminal” mahnısının müşaiyəti ilə 5 topla çıxış alqışlarla qarşılanıb.
Astanada isə Aliyə Yusupova mükafatı uğrunda hər il keçirilən turnirdə ölkəmizi Gülsüm Şəfizadə təmsil edirdi. Gimnastımız çoxnövçülükdə bürünc medal qazanaraq, ölkə bayrağını qaldırıb.