İdman
gimnastikadan
başlayır
04 oktyabr 2026
3 və 4 oktyabr tarixlərində Böyük Britaniyanın Telford şəhərində batut gimnastikası, tamblinq və ikili mini-batut üzrə Milli Yaş Qrupları finalı və Böyük Britaniya çempionatı keçirilib. Müxtəlif yaş kateqoriyalarında gimnastların iştirak etdiyi yarışlarda tamblinq üzrə milli komandamızın üzvü Tofiq Əliyev uğurlu çıxış edərək iki qızıl medal qazanıb.
Təmsilçimiz əvvəlcə 2026-cı il üzrə Böyük Britaniyanın Milli Yaş Qrupları Finalında fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Daha sonra 2026-cı il üzrə Böyük Britaniya çempionatında iştirak edən gimnastımız uğurunu təkrarlayıb. O, final mərhələsində 29.100 xal toplayaraq qızıl medala sahib olub.
Beləliklə, Tofiq Əliyev iştirak etdiyi hər iki yarışı qızıl medalla başa vurub.
Tamblinq üzrə Azərbaycan gimnastlarının son illərdə Avropa və Dünya çempionatlarında əldə etdiyi nəticələr ölkəmizdə bu növ üzrə güclü və rəqabətədavamlı komandanın mövcudluğunu göstərir. Beynəlxalq səviyyəli yarışlarda ardıcıl olaraq yüksək nəticələr qazanan tamblinqçilərimiz iştirak etdikləri müxtəlif turnirlərdə də uğurlu çıxışlarını davam etdirirlər. Bu nəticələr Azərbaycan tamblinqinin beynəlxalq arenada mövqeyinin sabit olduğunu və gimnastlarımızın ən güclü rəqiblərlə mübarizə aparmaq potensialına malik olduğunu nümayiş etdirir.