İdman

gimnastikadan

başlayır

Tofiq Əliyev yenidən “FaceOFF” beynəlxalq gimnastika liqasının qalibidir

06 dekabr 2025

Tofiq Əliyev yenidən “FaceOFF” beynəlxalq gimnastika liqasının qalibidir

5 dekabr tarixində Danimarkanın Herninq şəhərində keçirilən “FaceOFF” adlı beynəlxalq liqada iştirak edən tamblinq üzrə gimnastımız Tofiq Əliyev “FaceOFF”un qalibi oldu.
Tamblinq üzrə Dünya çempionatının komanda hesabında qalibi, Dünya Oyunlarının gümüş mükafatçısı Tofiq Əliyev “FaceOFF”da ötən ilki titulunu qoruyaraq yenə 10.000 tamaşaçını heyran qoydu. 

Tofiq Əliyev artıq dördüncü ildir ki, “FaceOFF” yarışında iştirak edir. O, ilk ildən etibarən öz potensialını göstərərək hər yarışda performansını daha da yüksəltdi.
Son iki ildir ki, Tofiq çıxışı ilə həm münsiflər heyətini, həm də tamaşaçıları valeh edir.

“FaceOFF” 2014-cü ildən etibarən dünya gimnastikasının ən parlaq ulduzlarını bir araya gətirən prestijli yarışdır. Bu yarış fərqli formatı və unikal qaydaları ilə seçilir. İdmançılar ən yaxşı çıxışlarını təqdim etmək üçün üz-üzə mübarizə aparır, bu da tamaşaçılar üçün möhtəşəm idman şousuna çevrilir. Yarış idmançıların texniki bacarıqları və artistik performanslarını ən yüksək səviyyədə nümayiş etdirməsi üçün ideal platformadır.
Hər il müxtəlif ölkələrdən yüzlərlə idmançını bir araya gətirən bu gimnastika liqası ancaq ən yaxşıların qələbə qazanmaq şansı olduğu yüksək rəqabət mühiti yaradır. 

Gimnastımızı bu mötəbər uğur münasibətilə təbrik edir, növbəti yarışlarda müvəffəqiyyətlər arzulayırıq!