05 noyabr 2012
Azərbaycan gimnastı Lalə Yusifova başa çatan idman ilinin yekun beynəlxalq turnirlərində medal qazanmağa davam edir. Brno şəhərində Qran-pri seriyalı yarışların son mərhələsi də bu baxımdan istisna təşkil etməyib. Belə ki, bakılı gimnast həmin yarışda iki dəfə gümüş medala sahib çıxıb.
Çoxnövçülük üzrə yarışların ilk günündə fəxri kürsüyə çıxmaq üçün Laləyə cüzi bal kifayət etməyib. Lakin final günü elan edilmiş yarışların ikinci günündə gimnastımızın gürzlər və lentlə hərəkətlərdə qazandığı medallar təşkilatçıların qaliblərə mükafat və diplomlarla birgə verdiyi büllur bogemanı kölgədə qoyub.
"Son 4 startda Lalə sabit olaraq yaxşı nəticələr göstərir. O, inkişafdadır və bu, çox yaxşıdır! Lalənin cəmi 16 yaşı var. Belə gənc və təcrübəsiz gimnast üçün Brnoda bu cür çıxış yaxşı göstəricidir. O daha çox uğur qazana biləcəkmi? Hər şey onun öz üzərində necə işləməsindən asılı olacaq. Tezliklə biz növbəti mövsüm üçün yeni proqram hazırlamağa başlayacağıq. Fikrimcə, bu proqram çox maraqlı və sıxdır", yığmamızın baş məşqçi Mariana Vasileva vurğulayıb.
Bu arada, ölkə yığmasının lideri Aliyə Qarayeva İtaliyanın A1 seriyası klub çempionatının ikinci turunda çıxış edib. Yarışlar Çieti şəhərciyində baş tutub. Onun təmsil etdiyi "Ritmika Pyemont" komandası 10-cu yeri tutub, Qarayevanın özü isə halqa ilə hərəkətlərə görə 27.15 bal qazanıb. Qarayeva kollektiv yarışlarda birinci nəticə, halqa ilə hərəkətdə isə gimnastlar arasında üçüncü nəticə göstərib. A seriyasının üçüncü turu noyabrın 17-də Perucada olacaq.
Milli komandanın gimnastları isə Azərbaycan Milli Olimpiya Komitəsinin yaranmasının 20 illiyinə həsr edilmiş təntənələrdə iştirak ediblər. Dənizkənarı Milli Parkda müxtəlif idman federasiyalarının, o cümlədən Gimnastika Federasiyasının stendləri quraşdırılıb. Stendlərdə Azərbaycan atletlərinin bu idman növlərində uğurları əks olunub. Gimnastların özləri isə nümunəvi nömrələrlə çıxış ediblər.