16 aprel 2012
Azərbaycanlı gimnastların Adriatik dənizi sahillərində "ovu" iki bürünc medal olub. Daha dəqiq desək, məşhur opera bəstəkarı Coakino Rossinin vətəni olan İtaliyanın Pezaro kurort şəhərindəki "Adriatic Arena"da Dünya Kubokunun növbəti mərhələsi və yeniyetmələrin beynəlxalq turniri keçirilib.
Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, milli komandanın lideri Aliyə Qarayeva bu dəfə üçüncü yerlə kifayətlənib. Çoxnövçülük üzrə təsnifat yarışında o, altıncı yeri tutaraq dörd finaldan üçünə çıxıb. Gürzlərlə bir dəqiqə yarımlıq jonqlyorluq onda lentlə (4-cü yer) və topla oyundan (8-ci yer) daha yaxşı alınıb. Buna görə Qarayeva fəxri kürsünün üçüncü pilləsinə çıxaraq Rusiyadan olan məşhur rəqiblər Yevgeniya Kanayeva və Darya Kondakovadan geri qalıb. Bu zaman o, ikinci yerdən cəmi yarım bal geri qalıb.
Ölkə yığmasının baş məşqçisi Mariana Vasilevanın məlumatına görə, ikinci “bürünc”ü Nilufər Niftalıyeva qazanıb. Yeniyetmələrin turnirində iştirak edən 14 yaşlı bakılı gimnast gürzlərlə oyunun finalında Rusiyadan və İtaliyadan olan mükafatçılara cəmi yarım bal uduzaraq üçüncü yeri tutub. Halqa ilə finalda isə Niftalıyeva yeddinci yeri, Gülsüm Şəfizadə ilə birgə çıxışda isə onlar komanda yarışında altıncı yeri tutublar.
Dünya Kubokunun digər iştirakçılarına gəldikdə, Lalə Yusifova 45 iştirakçı arasında 21-ci, qrup komandası isə 14-cü yeri tutub.
Yaxın həftəsonunda bu və digər gimnastlar Macarıstan paytaxtındakı beynəlxalq turnirdə iştirak edəcəklər.
Yeri gəlmişkən, Ufada Azərbaycandan olan təmsilçilərin də iştirak etdikləri daha gənc zəriflərin yarışı başa çatıb. Belə ki, Bakı Gimnastika Məktəbinin yetirməsi İlahə Məmmədova (2001-ci il təvəllüdü) və 9 yaşlı Darya Farşbaxşəhriyari öz yaş kateqoriyalarında turnirdə qalib gəliblər, Vəfa Həsənzadə isə (2002-ci il təvəllüdlü) təşkilatçılar tərəfindən "Miss zəriflik" adlandırılıb.