03 iyun 2018
Bu gün, İspaniyanın Quadalaxara şəhərində yekunlaşan bədii gimnastika üzrə 34-cü Avropa Çempionatı Azərbaycan milli komandasına ikiqat sevinc yaşadıb.
Belə ki, Qitə birinciliyində fərdi proqramda gənc gimnastlar arasında gedən mübarizədə ümumilikdə 4 alət üzrə finala vəsiqə qazanan təmsilçilərimizdən ən şanslısı olan Arzu Cəlilova topla çıxışı ilə komandamızın hesabına ilk bürünc medalı yazdırıb. 17.100 xalla yalnız Rusiya və Ukrayna gimnastlarından geri qalan Arzu öz karyerasının da ən uğurlu nailiyyətinə imza atıb.
Həm halqa, həm də gürzlərlə finalda hakimlər qarşısına çıxan digər gimnastımız Nərminə Səmədova isə müvafiq olaraq 5-ci və 8-ci yerlərdə qərarlaşıb. Lent ilə final mərhələsinə adlayan Yelizaveta Luzan isə yekun nəticədə 6-cı olub.
Fərdi yarışlarda böyüklər arasında isə ölkəmizi Zöhrə Ağamirova və Veronika Hudis təmsil edib. Hər 4 alət üzrə ümumi nəticəyə əsasən 63.200 xalla Zöhrə 18-ci, Veronika isə 61.250 xalla 22-ci yerdə qərarlaşıb.
Komandamızın növbəti bürünc medalı isə 3 top-2 iplə icra etdikləri kompozisiyaları ilə xalçanı bəzəyən qrup hərəkətləri komandasından gəlib. Aliyə Paşayeva, Siyana Vasileva, Zeynəb Hümmətova, Diana Doman və Ayşən Bayramovadan ibarət möhtəşəm beşliyin füsunkar çıxışları bu dəfə hakimlərə heç bir şans buraxmayıb və onlar 20.350 xalla fəxri kürsünün 3-cü pilləsinə yüksəliblər.