24 avqust 2009
Azərbaycan qadın akrobatika cütlüyü oktyabrda olacaq Portuqaliya Avropa çempionatı öncəsi uğurlu yürüşünü davam etdirir. Dünya oyunlarının gümüş mükafatının ardınca, Ayla Əhmədova və Dilarə Sultanova Veliki Novqorodda Dünya kubokunun vitse-qalibləri olmuşlar.
Azərbaycan Gimnastika Federasiyası mətbuat xidmətinin verdiyi məlumata görə, İradə Qurbanovanın yetirmələri qarışıq proqramı belçikalı cütlükdən daha inamla yerinə yetirmiş və Benilüks təmsilçiləri Florens Henrist – Tatyana de Vosu kiçik fərqlə qabaqlamışlar. Yarışların qalibi qismində qarşıdan gələn çempionata hazırkı dünya çempionları Belarus cütlük Alina Yuşko və Katerina Muraşko yollanacaqlar. Onların vətənində digər Dünya kuboku, bu dəfə bədii gimnastika üzrə keçirilirdi.
Minskdə keçirilən digər yarışda - “Büllur qızılgül” turnirində Azərbaycan adına Zeynəb Cavadlı çıxış edirdi. 18 yaşlı gimnast, çoxnövçülüyün nəticələrinə əsasən 100.2 xal yığmış, və rusiyalı iki həmkarından geri qalaraq bürünc mükafatı əldə etmişdir.
Qonşu ölkənin gimnastı, dünya priması Yevgeniya Kanayeva, Dünya kuboku yarışlarında da birinci olmuşdur. Burada çıxış edən Aliyə Qarayeva təsnifat yarışlarının nəticələrinə əsasən üç finala vəsiqə qazanmışdır. Ən yaxşı nəticəsini o, lentlə hərəkətlərdə göstərmiş və 26.8 xalla 4-cü olmuşdur. Aliyə iplə 5-6-cı yerləri bölüşdürmüş (26.3), halqa ilə 7-ci olmuşdur (26.48).
İki mümkün finalın ikisində də Azərbaycan qrup komandası iştirak etmişdir. 5 halqa ilə finalda kollektiv hakimlərdən 25.7 xal alaraq 5-ci yeri tutmuşdur. 3 lent / 2 iplə çıxış daha az uğurlu olmuşdur – 24.15 xal və 8-ci yer. Hər iki finalda yenə də rusiyalı idmançılar qalib gəlmişlər. Mütləq hesabın nəticələrinə görə Azərbaycan komandası 19 qrup arasında 7-ci yeri tutmuşdur.
Belarus turniri Yaponiya dünya çempionatı (Miye, 7-13 sentyabr) öncəsi sonuncu yarış olmuşdur. Yekun məşqləri ölkə gimnastları Aliyə Qarayeva, Anna Qurbanova, Zeynəb Cavadlı və Samirə Mustafayeva avqustun 25-dən sentyabrın 2-dək Tokioda keçirəcək, qrup komandası isə paytaxt Olimpiya idman kompleksində hazırlaşacaq.
Keçən həftə Belarusun paytaxtında daha bir turnir keçirilmişdir. İdman gimnastikası üzrə Minsk açıq çempionatında “Stayki” idman bazasında təlim-məşq toplanışlarında olan 14 yaşlı Elvin Ağadədəyev iştirak etmişdir. Minskli və digər şəhərlərdən olan həmyaşıdları arasında gənc gimnastımız 77 xalla birinci və əlçatmaz olmuşdur. Növbədə isə 5-6 sentyabrda İstanbulda beynəlxalq “Bosfor” kubokudur.