İdman

gimnastikadan

başlayır

UEG və “SmartScoring” arasında tərəfdaşlığa dair diqqətəlayiq saziş imzalandı

09 noyabr 2016

UEG və “SmartScoring” arasında tərəfdaşlığa dair diqqətəlayiq saziş imzalandı

UEG və “SmartScoring” arasında tərəfdaşlığa dair diqqətəlayiq saziş imzalandı

Avropa Gimnastika İttifaqının (UEG) nümayəndələri əməkdaşlığa dair müzakirələr aparmaq və saziş imzalamaq məqsədilə “SmartScoring”in icraçı direktoru ilə Bakıda görüş keçirmişlər.

Hər iki tərəfin iştirakı ilə təşkil olunan imzalanma mərasimi bu gün Milli Gimnastika Arenasında baş tutdu. UEG-ni, ittifaqın prezidenti Corc Gelzek və Baş direktoru Kirsi Erofeyeff-Engman təmsil etdi. “SmartScoring”in icraçı direktoru Emin Muxtarovla səmərəli müzakirələrdən sonra, xalların hesablanması üzrə Azərbaycanın innovativ brendi “SmartScoring”, Avropa Gimnastika İttifaqının yeni tərəfdaşına çevrildi.

Uzun müddətli viziona malik, ən yaxşı təcrübəyə əsaslanaraq inkişafa müasir yanaşma  nümayiş etdirən “SmartScoring” yüksək ixtisaslı peşəkarlar komandasından ibarətdir.  Azərbaycan Gimnastika Federasiyası və bir neçə digər idman federasiyaları ilə əməkdaşlıq əlaqələri quran, bir sıra beynəlxalq yarışlarda, o cümlədən 42-ci Şahmat Olimpiadasında xronometraj üzrə xidmət göstərən gənc şirkət topladığı dəyərli təcrübəni Avropada gimnastika üzrə yarışlarda da genişləndirmək niyyətindədir. 2017-ci ilin 1 yanvar tarixindən etibarən “SmartScoring” keçiriləcək yarışlar təqvimində yer almış 4 Avropa Çempionatının təşkilində lazımi qaydada xalların elektron hesablanması, həmçinin hakimlik, xronometraj və akkreditasiya üzrə sistemin işlənib hazırlanması və icrasını təmin edəcək. “SmartScoring”in xidmətlərinə sistemin tərkib hissəsini təşkil edən və beynəlxalq səviyyədə yarışların keçirilməsində başlıca tələblərdən biri olan video nəzarəti sistemi də daxildir.

“Hər bir idmançı ən nüfuzlu beynəlxalq yarışlarda öz ölkəsinin bayrağını yüksəklərə qaldırmağı arzulayır. Öz növbəsində bizim komanda da rəqəmlərin dəqiqliyi, sistemin qüsursuz etibarlılığı və nəticələrin səlisliyində öndə olmağa çalışır”, deyə, bu sözləri həftənin əvvəli UEG-nin Texniki Komitələrinin prezidentləri ilə müzakirələr zamanı, hər bir gimnastika növünə lazım olan tələblərə cavab vermək məqsədilə onların tapşırıqlarını diqqətlə dinləyən şirkətin icraçı direktoru Emin Muxtarov qeyd edib.

UEG-in prezidenti Corc Gelzek də gənc və iddialı Azərbaycan şirkəti ilə əməkdaşlığın uğurlu olacağına əminliyini belə ifadə edib: ““SmartScoring” artıq idman yarışları zamanı xidmətlərin göstərilməsində müsbət təcrübəyə malikdir. Belə ki, bu il komanda batut gimnastikası, idman gimnastikası üzrə Dünya Kuboku yarışlarını, həmçinin bədii gimnastika üzrə analoji yarışın final mərhələsini xalların hesablanması və video nəzarəti sistemi ilə uğurla təmin etmişdir.  Bununla yanaşı, Azərbaycan gimnastı Ayşən Bayramovanın “SmartScoring”in rəsmi səfiri olması, bizim əməkdaşlığımıza bir qədər zəriflik və gözəllik bəxş edəcək. Əminəm ki, bu saziş bizi yeni bir səviyyəyə gətirib çıxaracaq və sizin brendinizin tanınması üçün bütün qitədə yeni imkanlar açacaq”.