İdman
gimnastikadan
başlayır
29 may 2025
Milli Gimnastika Arenasında 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunan “İdman gimnastikadan başlayır” estafet yarışları keçirilib. Bayram ovqatında keçirilən bu tədbir uşaqlara unudulmaz anlar yaşatmaq və onların sağlam, aktiv həyat tərzinə marağını artırmaq məqsədi daşıyıb.
Yarışda ölkəmizin 3 fərqli uşaq evindən gələn ümumilikdə 30 nəfər uşaq iştirak edib. Onlar “Şahinlər”, “Birlik” və “Super balacalar” komandaları adı altında bir araya gələrək 5 fərqli oyun növündə öz çevikliklərini və komanda ruhlarını nümayiş etdiriblər.
Əyləncəli atmosferdə keçən estafet yarışı uşaqlara maraqlı təcrübə qazandırıb. Müsabiqə boyu uşaqların şövqü və enerjisi tədbirə xüsusi ab-hava qatıb. Ən önəmlisi isə odur ki, hər bir uşaq diqqət mərkəzində olub, onların sevinc dolu təbəssümləri bu günün əsas qazancı sayılıb.
Tədbirin ən sevilən qonağı isə Azərbaycan Gimnastika Federasiyasının rəsmi maskotu Tilli olub. O, uşaqlarla birgə əylənib, onların oyunlarına qoşulub və bayram coşqusunu daha da artırıb.
Yarışın sonunda bütün uşaqlar mükafatlandırılıb, qalib komanda isə kubok və Smarton tərəfindən xüsusi hədiyyələrlə təltif olunub.