15 mart 2018
Bu gün Milli Gimnastika Arenasında start götürmüş İdman Gimnastikası üzrə Dünya Kuboku ilk gününü geridə qoydu. Günün nəticələrinə əsasən qadın idman gimnastlarımız 2 alətdə finalları artıq təmin ediblər. Dayaqlı tullanmada Marina Nekrasova, Yuliya İnşına, parallel qollarda isə M. Nekrasova və digər gimnastımız Mariya Smirnova artıq medallar uğrunda mübarizə aparacaqlar. Turnirin ikinci günü isə qızlarımız sərbəst hərəkətlər və gimnastika tirində təsnifat yarışlarına qatılacaqlar.
Kişi təmsilçilərimiz isə təəssüflər olsun ki, parallel qollar, sərbəst hərəkətlər və halqalarda finala vəsiqə qazana bilməyiblər. Onlar martın 16-da daha 3 alətdə (dayaqlı tullanma, dəstəli at və turnik) öz güclərini sınayacaqlar.
İdmançıların təsnifat yarışlarının ardınca isə turnirin açılış mərasimi start götürüb.
İlk olaraq, tədbirdə açılış sözü ilə çıxış edən Prezident Administrasiyasının gənclər siyasəti və idman məsələləri şöbəsinin müdiri Yusuf Məmmədəliyev iştirakçıları salamlayaraq, bu gün ölkəmizdə idmançılar üçün yaradılmış beynəlxalq standartlara cavab verən şəraitdən danışıb. Azərbaycanda bir çox irimiqyaslı yarışların təşkil olunduğunu qeyd edən Y. Məmmədəliyev, bütün bunların həyata keçirilən uğurlu gənclər və idman siyasətinin nəticəsi olduğunu vurğulayıb.
Rəsmi hissə bitdikdən sonra izləyicilərə “Gimnastika – gələcəyin səsi” adlı kompoziya təqdim olunub. Gənc ifaçı, adı Azərbaycanın gənc istedadlarının "Qızıl kitabı"na daxil olan 12 yaşlı Fidan Hüseynzadə tamaşaçılarla bərabər Dövlət Himnimizi səsləndirərək, bədii hissəyə giriş edib. Ardınca isə meydança azyaşlı gimnastların ixtiyarına verilib. Maraqlı şou proqramla izləyicilərin qarşısına çıxan 130-dan çox gimnast öz bacarıqlarını sərgiləyərək, açılış mərasiminə yekun vurublar.