27 noyabr 2021
Batut gimnastikası üzrə 28-ci Dünya Yaş Qrupları Yarışları davam edir.
Yarışların ikinci və üçüncü günü Azərbaycan təmsilçiləri də öz çıxış proqramlarını nümayiş etdiriblər.
Bu gün 17-21 yaş qrupunda fərdi batut proqramı üzrə finalda çıxış edən təmsilçimiz Selcan fəxri kürsüyə yüksəlməyə çox yaxın olub. Lakin, həlledici mərhələdə medalın bir addımlığında dayanıb.
Bundan əlavə, bu gün keçirilmiş təsnifat mərhələsində ikili mini-batut üzrə yarışlarda Mehdi Əliyev (13-14 y.ş.) və Əli Niftəliyev (13-14 y.ş.) də iştirak edib.
Ötən gün isə 17-21 yaş qrupunda çıxış edən tamblinqçimiz Tofiq Əliyev finalda 4-cü olub.
Mahsud Maqsudov və Nicat Mirzəyevdən (13-14 y.ş.) ibarət sinxron batut proqramı üzrə çıxış edən cütlüyümüz də final mərhələsinə adlayaraq, həlledici mərhələdə 6-cı olub.
Sinxron batut proqramı üzrə yarışlarda eyni yaş kateqoriyasında ötən gün həm də Mehdi Əliyev və Əli Niftəliyevdən ibarət cütlük iştirak edib.
Sabah yarışların son günündə ölkəmizi tamblinq yarışlarında Aleksey Karataşov (13-14 y.ş.), fərdi batut proqramında kişilər arasında Ammar Baxşəliyev (11-12 y.ş.) və İbrahim Mustafazadə (11-12 y.ş.), qadınlar arasında isə Səma Cəfərova (11-12 y.ş.) təmsil edəcək.