18 aprel 2016
Ötən həftəsonu Polşanın Rumiya şəhərində bədii gimnastika üzrə gənclər arasında “Baltic Cup” adlı 4-cü beynəlxalq turnir keçirildi.
Yarışlarda Azərbaycan üç yaş qrupunda təmsil olundu.
Gənclər yaş kateqoriyasında (2002-2001-ci il təvəllüdlülər) çıxış edən İlahə Məmmədova çoxnövçülükdə qızıl medal qazandı. Digər gimnast Veronika Hudis isə həmin yaş qrupunda 5-ci yerdə qərarlaşdı. O, həmçinin tamaşaçıların rəğbətini qazanaraq təşkilatçılar tərəfindən hazırlanmış “Miss Simpatiya” nominasiyasında xüsusi mükafata layiq görüldü.
2003-cü il təvəllüdlü gimnastların yaş qrupuna daxil olan gənc gimnastlar Dərya Farşbafşəhriyari və Yelizaveta Luzan dörd çıxışın cəmində müvafiq olaraq 4-cü və 8-ci oldular.
Yeniyetmələrin yaş qrupunda (2004-2005-ci il təvəllüdlülər) uğurlu çıxışı çoxnövçülükdə Arzu Cəlilovaya “qızıl” medal gətirdi. Onun komanda yoldaşı Nərminə Səmədova isə bu yaş qrupunda “gümüşə” layiq görüldü.