İdman

gimnastikadan

başlayır

Yubiley ilinin uğurları 

31 dekabr 2022

Yubiley ilinin uğurları 

2022-ci il Azərbaycan Gimnastika Federasiyası (AGF) üçün bir sıra əlamətdar hadisələrlə yadda qaldı. 
Bu il yenidən qurulmasının 20 illiyini qeyd edən AGF-nin təmsilçiləri yubiley ilində qazandıqları tarixi nailiyyətlərlə azarkeşləri sevindirdilər. 
Məlum olduğu kimi, AGF-nin son 20 ildə qazandığı uğurların təməli 2002-ci il oktyabrın 7-də Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın federasiyanın prezidenti seçilməsi ilə qoyulub. Fəxrlə qeyd olunmalıdır ki, həmin dövrdən başlayaraq, həyata keçirilən uğurlu strategiya nəticəsində ölkəmizdə idmanın bu növünün yeni mərhələsi və sürətli inkişafı başlanıb, AGF qısa müddət ərzində ölkənin seçilən idman federasiyasına çevrilib.
Ötən illərdəki ənənənin davamı olaraq, 2022-ci ildə Azərbaycan gimnastika növləri üzrə 5 dünya səviyyəli yarışa və bir sıra ölkədaxili çempionat və birinciliklərə uğurla ev sahibliyi etdi. Paytaxtımızda  keçirilən beynəlxalq yarışların hər birində gimnastlarımız onlara bəslənilən ümidləri doğruldaraq fəxri kürsüdə yer aldılar. 
İlin ilk beynəlxalq yarışında - batut gimnastikası üzrə Dünya kubokunda (12-13 fevral) yığma komandamızın üzvü Selcan Mahsudovanın fərdi çıxışda əldə etdiyi gümüş medal Azərbaycanın gimnastika tarixində bu növ üzrə qadınlar arasında fərdi növdə qazanılan ilk medal oldu.  
Daha bir ilkə akrobatika gimnastikası üzrə təmsilçilərimiz imza atdılar. Martın 3-dən 6-dək Bakıda akrobatika gimnastikası üzrə keçirilən 12-ci dünya yaş qrupları yarışlarında Leyla Bəşirova, Nəzrin Fərmanova, Mənsumə Məmmədzadədən ibarət qadın qrupumuz 13-19 yaş kateqoriyasında qızıl medala sahib çıxdı. Bu medal ölkəmizin akrobatika gimnastikası tarixində dünya yaş qrupları yarışlarında qazanılan ilk qızıl medal kimi yadda qaldı.  
Martın 10-dan 13-dək Bakı gimnastikanın maraqlı və həyəcanlı növlərindən biri olan akrobatika gimnastikası üzrə dünya çempionatına ilk dəfə ev sahibliyi etdi. Ən güclülərin yarışında qarışıq cütlüyümüz, Avropa çempionatının gümüş və bürünc mükafatçıları Ağasif Rəhimov və Raziyə Seyidli temp hərəkətləri proqramında gümüş, Daniel Abbasov və Murad Rəfiyevdən ibarət kişi cütlüyümüz isə qarışıq və temp hərəkətləri üzrə bürünc medala sahib çıxıb. Hər iki medal akrobatika gimnastikası üzrə dünya çempionatında qazanılan ilk nailiyyət kimi tarixə yazıldı. 
İdman gimnastikası üzrə keçirilən (31 mart - 3 aprel) Dünya kuboku yığma komandamızın üzvü Nikita Simonovun halqa ilə hərəkətlərdə qazandığı bürünc medalı ilə yadda qaldı. 
Gimnastikanın ən zərif nümayəndələrinin iştirak etdiyi bədii gimnastika üzrə Dünya kubokunda da (22-24 aprel) təmsilçilərimiz onlara bəslənilən ümidləri doğrultdular. Belə ki, qrup hərəkətləri komandamızın üzvləri Güllü Ağalarzadə, Ləman Əlimuradova, Kamilla Əliyeva, Zeynəb Hümmətova, Yelizaveta Luzan, Darya Sorokina 5 halqa ilə qızıl, çoxnövçülükdə gümüş medal qazandılar.
Məlum olduğu kimi, 2021-ci ildə ölkəmizdə mövcud karantin qaydalarına uyğun olaraq gimnastika növləri üzrə irimiqyaslı beynəlxalq yarışlar təşkil olunsa da, pandemiya ilə əlaqədar 2020-2021-ci illər ərzində yerli yarışların keçirilməsi  təxirə salınmışdı. 2022-ci ilin əvvəlindən etibarən mövcud tələblərə uyğun olaraq gimnastika növləri üzrə milli yarışlar nəhayət ki, bərpa olundu. Gimnastika növləri üzrə keçirilən Azərbaycan və Bakı çempionatları idmançıların çoxdandır səbirsizliklə gözlədiyi yerli yarış əhval-ruhiyyəsini, həyəcanını yenidən Milli Gimnastika Arenasına qaytardı. 
Martın 16-sı və 17-də keçirilən bədii gimnastika üzrə Azərbaycan çempionatından etibarən tamaşaçılar iki illik fasilədən sonra yenidən  Milli Gimnastika Arenasında gimnastların rəngarəng çıxışlarını izləmək imkanı qazandılar.
Bu il gimnastlarımız beynəlxalq arenalarda keçirilən yarışlarda da öz medalları ilə bizi sevindirməyə davam etdilər. Təmsilçilərimiz bu günə qədər uğur əldə edilməyən gimnastikanın bəzi növləri və proqramlarında nailiyyət qazandılar.  Yığma komandamızın üzvləri gimnastika növləri üzrə müxtəlif beynəlxalq turnirlər, Dünya kubokları ilə yanaşı, ilin əsas yarışları olan Avropa və dünya çempionatları, eləcə də İslam Həmrəyliyi Oyunları və Ümumdünya Oyunlarında qazandıqları nəticələrlə ölkəmizin medal kolleksiyasını zənginləşdirdilər.
İtaliyanın Rimini şəhərində keçirilən batut gimnastikası və tamblinq üzrə üzrə Avropa çempionatında (1-5 iyun) idmançımız Maqsud Mahsudov batut gimnastikası üzrə gənclər arasında fərdi növdə və komanda yoldaşı Hüseyn Abbasovla birgə sinxron cütlüklər proqramında qızıl medallar qazandı. Tamblinq üzrə yarışlarda isə Mixail Malkin fərdi növdə gümüş, yığma komandanın üzvləri Adil Hacızadə və Tofiq Əliyevlə birgə komanda hesabında bürünc medal əldə etdi. 
Bu yarışın ardınca bədii gimnastlarımız İsrailin Tel-Əviv şəhərində keçirilən Avropa çempionatında (15-19 iyun) mübarizəyə qoşuldular. Qitə çempionatında gənc gimnastımız Kamila Qafarova fərdi növdə gürzlərlə, Güllü Ağalarzadə, Ləman Əlimuradova, Kamilla Əliyeva, Zeynəb Hümmətova, Yelizaveta Luzan, Darya Sorokinadan ibarət qrup hərəkətləri komandamız isə çoxnövçülük, 5 halqa, eləcə də 3 lent və 2 topla hərəkətlərin icrasına görə bürünc medala sahib çıxdı. 
Ötən il keçirilməsi planlaşdırılan, məlum səbəblərdən təxirə salınan bu ilin əsas yarışlarından biri olan V İslam Həmrəyliyi Oyunlarında ölkəmiz 4 gimnastika növündə (bədii gimnastika, aerobika gimnastikası, kişi və qadın idman gimnastikası) təmsil olundu. Komandamızın üzvləri 8-i qızıl, 7-si gümüş, 2-si bürünc medal olmaqla ümumilikdə 17 medal əldə etdi. 
ABŞ-ın Birminqem şəhərinin ev sahibliyi etdiyi 11-ci Ümumdünya Oyunlarında (7-17 iyul) bu dəfə aerobika gimnastikası üzrə təmsilçilərimiz fərqləndilər. Yarışlarda Ayxan Əhmədli, Rauf Hacıyev, Nigar Mir Cəlallı, Nəzrin Mustafayeva, Mədinə Mustafayeva, Sənan Mahmudlu, Xədicə Quliyeva və Vladimir Dolmatovdan ibarət Azərbaycanın aerodans komandası bürünc medala sahib çıxdı. 
İyulun 24-dən 30-dək Slovakiyanın Banska Bistritsa şəhərində keçirilən Avropa Gənclər XVI Yay Olimpiya Festivalında qadın idman gimnastikası tariximizdə ilk dəfə olaraq gənc idmançımız Nazənin Teymurova dayaqlı tullanma üzrə finala vəsiqə qazanaraq 5-ci pillədə qərarlaşdı. İdmançımız Avropa çempionatında da finala vəsiqə qazanaraq eyni uğuru təkrarladı.  
Bolqarıstanın Sofiya şəhərində bədii gimnastika üzrə qrup komandamız (Güllü Ağalarzadə, Ləman Əlimuradova, Zeynəb Hümmətova, Yelizaveta Luzan və Darya Sorokina) ilk dəfə olaraq dünya çempionatında (14-18 sentyabr) fəxri kürsüyə (bürünc medal) yüksəldi.
Eyni şəhərdə keçirilən batut gimnastikası, tamblinq və ikili mini-batut üzrə 29-cu dünya yaş qrupları yarışları (23-26 noyabr) da Azərbaycan yığma komandası üçün məhsuldar oldu. İdmançılarımız medal xəzinəmizə bütün əyarlı mükafatları əlavə etdilər. Batut gimnastikası üzrə sinxron proqramda 15-16 yaş kateqoriyasında mübarizə aparan Maqsud Mahsudov və Hüseyn Abbasov qızıl medala layiq göruldü. Fərdi batut proqramında 13-14 yaş kateqoriyasında çıxış edən Əli Niftəliyev gümüş medal qazandı. Maqsud Mahsudov 15-16 yaş kateqoriyasında fərdi proqramda, Ammar Baxşalıyev və Fərhad Mustafayev isə 11-12 yaş kateqoriyasında sinxron cütlüklərin yarışında bürünc medala sahib çıxıb. Tamblinq üzrə yarışda isə 17-21 yaş kateqoriyasında çıxış edən Tofiq Əliyev gümüş medal əldə etdi.
Bu il gimnastika hamı üçün növü üzrə təmsilçilərimiz də bir sıra yarışlarda fərqləndilər. “Ay işığı” komandası (10-14 iyul) Nevşatel şəhərində (İsveçrə) keçirilən “European Gym for Life Challenge” festivalında gümüş medala layiq görüldü. Komandamızın Portuqaliyanın Funşal şəhərində (2-7 oktyabr) keçirilən “Qızıl Yaş” (“Golden Age” - 50 yaş və yuxarı) gimnastika festivalında təqdim etdiyi kompozisiya  maraqla qarşılandı. 
2022-ci il ərzində gimnastlarımız beynəlxalq səviyyəli yarışlarda 62-si qızıl, 40-ı gümüş və 45-i bürünc olmaqla ümumilikdə 147 medal əldə etdilər. Bu uğurların məntiqi nəticəsidir ki, təmsilçilərimiz Azərbaycan idmançılarının reytinq cədvəlində mütəmadi olaraq liderliyini qoruyub saxladılar. 

9 sentyabr tarixində Dənizkənarı bulvarda (Azərbaycan Dövlət Kukla Teatrının arxası) Azərbaycan Gimnastika Federasiyasının yenidən qurulmasının 20 illiyinə həsr olunmuş gimnastika hamı üçün növü üzrə festival keçirildi. İlk dəfə olaraq təşkil edilən tədbir şəhərimizin sakinlərinə xoş anlar bəxş etdi və izləyicilərin böyük marağına səbəb oldu.
AGF hər zaman olduğu kimi bu il də məşqçilərin və hakimlərin ixtisaslarının artırılmasını diqqətdə saxladı. Beynəlxalq Gimnastika Federasiyası (FIG) tərəfindən 2022-2024-cü illəri əhatə edən növbəti Olimpiya dövrünün müvafiq qaydalarına əsasən təmsilçilərimiz gimnastika növləri üzrə hakimlik imtahanlarında iştirak etdilər. 
COVID-19 pandemiyası ilə əlaqədar onlayn qaydada keçirilən imtahanlarda təmsilçilərimizin hər biri imtahanı müvəffəqiyyətlə başa vuraraq beynəlxalq hakimlik kateqoriyasına yiyələndilər. 
13-16 oktyabr tarixlərində Milli Gimnastika Arenasında Azərbaycan Gimnastika Federasiyasının təşkilatçılığı ilə ilk dəfə olaraq Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası tərəfindən Xüsusi Olimpiya üzrə yunanıstanlı mütəxəssis Sofiya Buranın rəhbərliyi altında  məşqçilik (bədii gimnastika, gimnastika hamı üçün) və hakimlik (bədii gimnastika) kursları keçirildi.
1 sentyabr tarixində Beynəlxalq Gimnastika Federasiyasının (FIG) Atletlər Komissiyasının üzvü, bədii gimnastika üzrə Azərbaycan yığma komandasının məşqçisi Siyana Vasileva, FIG Texniki Komitəsinin prezidenti Noha Abuşabana ilə ilk dəfə olaraq birgə video-konfrans formatında idmançılar üçün onlayn vebinar keçirdi. Seminarda bir sıra aktual  məsələlərə toxunuldu, maraqlı mövzular ətrafında müzakirələr aparıldı. 
İlin əvvəlində tədris proqramı çərçivəsində batut gimnastikası üzrə məşqçilərin peşəkar hazırlığı üzrə kurslara start verən AGF-nin təşkilatçılığı ilə Milli Gimnastika Arenasında bolqarıstanlı mütəxəssis Kaloyan Kaloyanovun rəhbərliyi altında aerobika gimnastikası üzrə milli məşqçilik və hakimlik kursları da uğurla yekunlaşdı. 
Hər il olduğu kimi, 2022-ci ildə də regionlarda gimnasikanın inkişafı, bu sahədə kütləviliyin təmin olunması, gimnastika növlərinin populyarlaşdırılması federasiyanın fəaliyyətinin əsas prioritet istiqamətini təşkil etdi. Hazırda respublikamızın 29 bölgəsində gimnastika bölməsi fəaliyyət göstərir. Bu il ölkəmizdə 8 yeni gimnastika bölməsi (Tərtər, Goranboy, Gədəbəy, Oğuz, Qəbələ, Balaxanı, Ramanı, Lənkəran şəhər Osman Mirzəyev adına qarışıq tipli uşaq evinin sakinləri üçün gimnastika bölməsi) fəaliyyətə başladı ki, onlardan 5-i məhz regionların payına düşür. 
Federasiya tərəfindən ilboyu bölgələrdə mötəbər yarışlar öncəsi yoxlama məşqləri, tanınmış gimnastlarımızın iştirakı ilə müxtəlif nümunəvi çıxışlar, ustad dərsləri və s. təşkil edildi. 
Bölgədə gimnastikanın təbliği məqsədilə 28 May Müstəqillik Gününə həsr edilmiş Dostluq yarışı ilk dəfə olaraq Şəki Olimpiya İdman Kompleksində keçirildi. İyunun 4-ü və 5-də ilk dəfə olaraq Tərtər Olimpiya İdman Kompleksi öz qapılarını bədii gimnastların üzünə açdı. Bu növ üzrə keçirilən 6-cı Bölgələrarası Kubok Tərtər sakinlərinin böyük sevincinə səbəb oldu. Bölgədə təşkil olunan ilin ən böyük yarışı dekabrın 8-dən 11-dək Şəki Olimpiya İdman Kompleksində gimnastikanın 6 növü üzrə keçirilən Azərbaycan Gimnastika Federasiyasının yenidən qurulmasının 20 illiyinə həsr olunmuş birgə yarışlar oldu. Yarışların açılış mərasimi zamanı tamaşaçılara yerli və dünya şöhrətli gimnastika ulduzlarının ifasında qala-şou təqdim olundu. Azərbaycana dəvət olunmuş əcnəbi qonaqlar yarışın təşkilatçılığını yüksək qiymətləndirərək, ölkəmizə, eləcə də qədim Şəki şəhərinə olan heyranlığını ifadə etdilər. 
2022-ci ildə də Milli Gimnastika Arenası yenidən digər ölkə nümayəndələri üçün öz qapılarını açdı. Avstraliya, Böyük-Britaniya, Bolqarıstan, Qazaxıstan, Filippin, Gürcüstan, Hindistan, İspaniya, İsrail, Koreya, Kolumbiya, Latviya, Malayziya, Misir, Macarıstan, Monqolustan, Norveç, Özbəkistan, Portuqaliya, Polşa, Sloveniya, Slovakiya, Syerra Leone, Türkiyə, Ukrayna, Yaponiya, İran, Qırğızıstan kimi ölkələrin nümayəndləri dünyanın ən möhtəşəm arenasında yerli mütəxəssis və idmançılarımızla birgə təlim-məşq toplanışında iştirak edərək öz idman təcrübələrini artırdılar. 

Bu il təmsilçilərimizin fəaliyyətləri həm yerli, həm də beynəlxalq qurumlar tərəfindən yüksək qiymətləndirildi. Gimnastımız Selcan Mahsudova İsveçrənin Arosa şəhərində batut gimnastikası üzrə keçirilən Dünya kubokunda (1-2 iyul) 2022-ci il ərzində iştirak etdiyi dörd Dünya kubokundan üçündə topladığı xalların cəminə əsasən FIG kubokuna sahib çıxdı. 
4-cü İslam Həmrəyliyi Oyunlarının qalibi, V İslam Həmrəyliyi Oyunlarının üçqat qızıl, gümüş və bürünc mükafatçısı, Yay Universiadasının ikiqat gümüş mükafatçısı, Tokio Yay Olimpiya Oyunlarının iştirakçısı Zöhrə Ağamirova Azərbaycan Milli Olimpiya Komitəsinin Atletlər Komissiyasının üzvü seçildi. 
İngiltərənin Liverpul şəhərində kişi və qadın idman gimnastikası üzrə keçirilən dünya çempionatında Nikita Simonovun halqaların icrası üzrə təqdim etdiyi yeni element FIG-nin kişi idman gimnastikası üzrə Texniki Komitəsi tərəfindən təsdiq edildi.
14-17 sentyabr tarixlərində Lüksemburq şəhərində “TeamGym” üzrə keçirilən 14-cü Avropa çempionatında Azərbaycan yığma komandasının üzvü Tofiq Əliyev ilk dəfə olaraq Avropa Gimnastikasının təsis etdiyi “Bütün ulduzlar komandası” nominasiyasında akrobatika cığırı alətində ən çətin elementin icrasına görə qalib oldu. 
İlin ən mühüm xəbəri dekabr ayına təsadüf etdi. 2 və 3 dekabr tarixlərində Portuqaliyanın  Albufeira şəhərində keçirilən Avropa Gimnastikasının 29-cu Konqresində Azərbaycan gənclər və idman naziri Fərid Qayıbov yüz faiz səs çoxluğu ilə qitənin ən nüfuzlu gimnastika təşkilatına - Avropa Gimnastikasına yenidən prezident seçildi. AGF tərəfindən namizədlikləri irəli sürülən beynəlxalq dərəcəli hakimlər Yevgeniya Vilyayeva bədii gimnastika, İnara İsrafilbəyova “TeamGym”, yığma komandanın məşqçisi Ruslan Eyvazov isə gimnastika hamı üçün növü üzrə Azərbaycan gimnastika tarixində ilk dəfə olaraq Avropa Gimnastikasının Texniki Komitəsinin üzvü seçildilər.
Ənənəyə uyğun olaraq, bu dəfə də federasiya yeni il ərəfəsində  bütün gimnastikasevərləri yenidən bir araya topladı. Gimnast və məşqçilərin iştirakı ilə baş tutan “Soyuq ürək” adlı möhtəşəm Yeni il şousu bütün tamaşaçılara əyləncəli anlar yaşatdı. 
İdman rəsmilərinin iştirakı ilə keçirilən AGF-nin yenidən qurulmasının 20 illiyinə həsr olunmuş yubiley tədbiri bir sıra maraqlı məqamları ilə yadda qaldı. Federasiyanın 20 illik uğurlu inkişaf yolundan bəhs edən videoçarxın təqdim olunduğu mərasimdə həmçinin AGF-nin “20 il inkişafda” adlı kitabının təqdimat mərasimi keçirildi. 
Dekabrın 26-da Gənclər və İdman Nazirliyinin 2022-ci ilin idman yekunlarına həsr olunmuş qala mərasimində təmsilçilərimiz 9 nominasiya üzrə ilin ən yaxşıları sırasında yer aldı, bədii gimnastika üzrə qrup komandamız və 3 fərdi gimnastımız reytinq cədvəlində 2022-ci ili ilk onluqda başa vuran idmançılarla birgə mükafatlandırıldı. 
Yeni il ərəfəsində daha bir xəbərə sevindik. Azərbaycan Gimnastika Federasiyasının baş katibi Nurlana Məmmədzadənin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə ölkəmizdə  idmanın inkişafında xidmətlərinə görə “Tərəqqi” medalı ilə təltif edilməsi AGF-nin uğurlu fəaliyyətinin daha bir göstəricisi oldu.
Qarşıda bizi daha bir məsuliyyətli il gözləyir. Ənənəvi beynəlxalq yarışlarla yanaşı, 2023-cü ildə ölkəmiz daha bir mötəbər yarışa, may ayında bədii gimnastika üzrə Avropa çempionatına ev sahibliyi edəcək. İnanırıq ki, qarşıdakı il də Azərbaycan gimnastika ailəsi üçün uğurlarla zəngin bir il kimi yadda qalacaq. 
Azərbaycan Gimnastika Federasiyası adından Sizi 31 dekabr Dünya Azərbaycanlıların Həmrəyliyi Günü və Yeni İl münasibətilə ürəkdən təbrik edirik!