İdman

gimnastikadan

başlayır

Zəriflik yarışının son hazırlıqları

02 may 2024

Zəriflik yarışının son hazırlıqları

Ən zərif idman növünün nümayəndələrinin ovsunlayıcı çıxışları, zəriflik təcəssümü olan kompozisiyalar, qitədə ilk dəfə baş tutacaq, hər kəsin gözlədiyi beynəlxalq yarış sabah Milli Gimnastika Arenasında!
Bəli, söhbət artıq elanını sizinlə bölüşdüyümüz bədii gimnastika üzrə Avropa kubokundan gedir. Bu idman tədbiri idmançılar üçün özlərini yeni arenada sınamaq fürsəti, idman ictimaiyyəti üçün yeni gündəm, ölkəmiz üçün isə ev sahibi olaraq böyük məsuliyyət deməkdir. Avropa kubokunun bir addımlığında isə bu gün idmançılar son hazırlıqlarını görmək, yarışın ab-havasına indidən daxil olmaq üçün podium məşqlərində iştirak etdilər. 
Məşq zalına izləyici kimi nəzər salanda eyni anda bir neçə xalçanın üzərində fərqli, bir-birindən diqqətçəkən kompozisiyaların icrasını edən gimnastları görmək sabahdan etibarən baş tutacaq Avropa kubokunun nə qədər həyəcanverici olacağını, idmançıların tamaşaçıda bir növ zəriflik yarışı izlədiyi təəssüratı yaradacığını deməyə dəlalət edir. Hətta bu çıxışlara idman hərəkətlərinin incəliyindən doğan sənət əsərinin səhnə yaradıcılığı da demək olar. 
Podium məşqlərində idmançılar sanki elə yarış meydançasında çıxış edirmişcəsinə məşq edirdilər, deyə bilərik. Eyni qətiyyət, intizam və diqqətlə. Bizi yarış ab-havasından ayıran yeganə faktor yarışlardan fərqli olaraq məşqlərdə coşğulu tamaşaçının zalda əyləşməməsi idi. Sabahdan etibarən yarışda yerini alacaq tamaşaçıların emosiya və həyəcanları bu böyük tədbirə xüsusi rəng qatacaq! Odur ki, siz də öz yerinizi almağa tələsin. 
Qeyd edək ki, bədii gimnastika üzrə Avropa kubokunda 37 ölkədən 160 gimnast iştirak edəcək.