24 fevral 2023
Fevralın 13-15-də Milli Gimnastika Arenasında Beynəlxalq Gimnastika Federasiyasının batut gimnastikası üzrə Texniki Komitəsinin üzvü Dmitriy Poliaruşun rəhbərliyi altında Azərbaycan Gimnastika Federasiyasının məşqçilərin peşəkar hazırlığı üzrə tədris proqramına əsasən batut gimnastikası üzrə 2-ci səviyyə üçün (8-10 yaşlı gimnastlarla çalışan məşqçilər üçün) məşqçilik kursları keçirilib. Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidməti Olimpiya məşqçisi, iki Olimpiya Oyunlarının iştirakçısı, batut üzrə 6 qat dünya çempionu, 7 qat Avropa çempionu, Dünya kubokunun 20 qat qalibi, belaruslu mütəxəssisdən müsahibə alıb. Müsahibəni oxucularmıza təqdim edirik.
Azərbaycana xoş gəlmisiniz. Zəhmət olmasa, paytaxtımızda batut gimnastikası üzrə keçirilən məşqçilik kursları barədə ətraflı məlumat verərdiniz.
Bu, batut gimnastikası üzrə azərbaycanlı məşqçilər üçün 2-ci səviyyə aid (8-10 yaşlı gimnastlarla çalışan məşqçilər üçün) məşqçilik kursları idi. Təbii ki, keçən ilki kurslarla müqayisə etsək, demək olar ki, məşqçilərdə daha çox inkişaf hiss olunur, onlar özlərinə daha çox inamlıdırlar və onların bilikləri xeyli artıb. Aydın şəkildə görünürdü ki, iştirakçılar çox hazırlaşıblar və şübhəsiz ki, daha yaxşı cavab verərək, imtahanı uğurla başa vurublar. Sözsüz ki, irəliləyiş var.
Beynəlxalq federasiyanın nümayəndəsi kimi dünyada və Azərbaycanda batut gimnastikasının inkişafını necə dəyərləndirirsiniz?
Azərbaycanda, beynəlxalq yarışlarda medallar qazanan gənc idmançılarınız var. Bu, o deməkdir ki, batut gimnastikasında inkişaf var. Mən yüz faiz əminliklə deyə bilmərəm, lakin ümid edirəm ki, gələn il Olimpiya Oyunlarına lisenziya qazanacaqsınız. Azərbaycan ilk dəfə batut gimnastikası üzrə Olimpiya Oyunlarında iştirak edə bilər. Bu, böyük bir nailiyyət olardı. O ki qaldı dünyadakı inkişafa, biz daim irəliləyirik, ölkələrin sayı, rəqabət artır və sözsüz ki, idmançıların səviyyəsi ildən-ilə daha da güclənir.
Bu, ilk növbədə, gənc batutçular üçün bir işdir və bu işdən həzz almalıdırlar. Onlar təkcə ölkə üçün deyil, ilk növbədə, özləri üçün çalışmalıdırlar. Əgər özlərini bu işə təslim etməsələr, bu növü və işlərini sevməsələr, əlbəttə ki, heç bir nailiyyət olmayacaq. Məsləhət verərdim ki, ilk növbədə, məqsədə nail olmaq üçün gördükləri işdən həzz alsınlar.
Azərbaycanda batut gimnastikası üzrə keçirilən Dünya kuboku ilə bağlı fikirlərinizi bilmək istərdik
Müqayisə olunan ilk məsələ odur ki, COVID-19 pandemiyası ilə bağlı qadağa yoxdur. Bu, artıq böyük bir üstünlükdür, idmançılarda da bu hiss olinur. Hər kəs kifayət qədər özünəinamlı, xoşbəxt və təbəssümlə gəzir. Bir il bundan əvvəl, gülümsəmək istəsələr belə, maskanın altından bu, görünmürdü. Şübhəsiz ki, şəhərdə də ab-hava tam fərqli idi. Yəni keçən il, yenə eyni restoranlara, mağazalara getmək və sadəcə normal həyat sürmək olduqca çətin idi. Hazırda bütün bunlar aradan qaldırılıb. Karantin rejiminin yüngülləşməsi müsbət haldır. Yarışlara gəlincə, bu, yeni ildə, fevral ayında keçirilən ilk Dünya kubokudur. Keçən ilin noyabr ayında isə dünya çempionatı baş tutmuşdu. Demək olar ki, burada Dünya kubokunda iştirak edənlər arasında peşəkar idmançılarla yanaşı, bəzi ölkələr sınaqdan keçmək üçün ikinci heyət gətiriblər. Qarşıda bizi çətin, yəni yarışlarla zəngin bir il gözləyir. Çoxlu kuboklar, dünya çempionatı və qitə yarışları gözləyir. Bu yarış yoxlama yarışı, yəni mövsümün başlanğıc mərhələsi hesab olunur.
Azərbaycanda dəfələrlə səfərlərdə olmusunuz. Ölkəmizlə bağlı təəssüratlarınız necədir?
Mən, necə deyərlər, Azərbaycana gələrkən sanki öz evimə gəlirəm. Məni burada həmişə çox yaxşı və isti qarşılayırlar. Burada ab-hava çox xoşdur, insanlar mehriban, gülərüz, qonaqpərvərdirlər. Yeməklər haqqında deyə bilərəm ki, milli mətbəxi bəyənirəm, fikrimcə, ən yaxşılardan biridir. Ona görə də nəinki dostlarla görüşməkdən, həm də Azərbaycanda yarışların yüksək səviyyədə keçirilməsindən böyük zövq alıram.