İdman

gimnastikadan

başlayır

“Milli Gimnastika Arenasında gözəl ab-hava var”

20 may 2023

“Milli Gimnastika Arenasında gözəl ab-hava var”

Belçika Krallığının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Mişel Pitersman Milli Gimnastika Arenasında keçirilən bədii gimnastika üzrə 39-cu Avropa çempionatında iştirak edən Belçika nümayəndə heyətinin üzvləri ilə görüşüb. Görüşdən sonra səfir Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidməti ilə ölkəmizdə keçirilən Avropa çempionatı barədə təəssüratlarını bölüşüb.
- Bakıda Milli Gimnastika Arenasında gözəl ab-hava var, azarkeşlər çoxdur, tamaşaçılar bədii gimnastika üzrə Avropa çempionatının iştirakçılarını dəstəkləyirlər. İlk dəfədir ki, Bakıda Milli Gimnastika Arenasına gəlirəm və bu, əlbəttə ki, mənim üçün bir yenilikdir. Bədii gimnastika gözəl idman növüdür, yarışları izləmək çox maraqlıdır. Şadam ki, Belçikadan olan gimnastlar Bakıda keçirilən Avropa çempionatında iştirak edir və gənc idmançılar Azərbaycana səfər edərək ölkənizi görə bildilər. Belə xatirələr əbədi olaraq qalır. Yarışın bütün iştirakçıları çempionatda yaxşı nəticə göstərmək üçün çox səy göstəriblər, vaxt sərf ediblər və çox məşq ediblər. Azərbaycanda çoxlu idman obyektləri var, bu sahədə çoxsaylı tədbirlər keçirilir, bütün bunlar ölkədə idmanın inkişafına böyük diqqət yetirildiyini göstərir. Həmçinin ölkə vətəndaşları da bu sahəyə böyük maraq göstərirlər.