İdman
gimnastikadan
başlayır
29 iyun 2025
28 və 29 iyun tarixlərində Dənizkənarı Milli Parkda gimnastika festivalı coşqusu yaşanıb, “Gimnastika hamı üçün” 3-cü Bakı Beynəlxalq “Challenge”i baş tutub. İki gün davam edən tədbir yerli və xarici iştirakçıların rəngarəng çıxışları ilə yadda qalıb.
Festivalda Azərbaycanla yanaşı Gürcüstan, Monqolustan və Uqandadan gələn komandalar da iştirak ediblər. Ümumilikdə, 900-ə yaxın iştirakçı və 52 komanda yer alıb. Azərbaycanı təkcə paytaxtdan olan komandalar deyil, həm də ölkənin müxtəlif bölgələrindən olan iştirakçılar təmsil ediblər. Müxtəlif yaş qruplarını əhatə edən proqramda zumba, hip-hop, milli rəqslər və ustad dərsləri xüsusi maraqla qarşılanıb.
İştirakçılar iki yaş kateqoriyası - 50 yaşdan aşağı və 50 yaşdan yuxarı proqramları üzrə bacarıqlarını göstəriblər. Festivalın rəsmi açılışı iştirakçıların Bakı İdman Sarayından Azərbaycan Dövlət Kukla Teatrının arxasında yerləşən əsas səhnəyədək etdiyi möhtəşəm yürüşlə start götürüb. Orkestrin müşayiəti ilə gerçəkləşən bu yürüş, eləcə də komandaların səhnə performansları izləyicilərə əsl bayram əhval-ruhiyyəsi bəxş edib. Müxtəlif bölgələrdən gələn komandaların çıxışları festivalın coğrafi müxtəlifliyini və geniş miqyasını bir daha nümayiş etdirib.
Axşam saatlarında səhnəyə çıxan tanınmış müğənni Mərdan Kazımov festivalın əyləncəli ruhunu daha da yüksəldib. Sənətçinin ifa etdiyi ritmik və enerjili mahnılar tamaşaçılar tərəfindən böyük coşqu ilə qarşılanıb.
Festivalın ikinci günündə keçirilən Qala şou yüksək ovqat ilə yadda qalıb. “Ən yaxşı kostyum”, “Ən yaxşı performans”, “Ən yaşlı iştirakçı”, “Ən balaca iştirakçı” və “Sosial mediada ən aktiv iştirakçı” nominasiyaları üzrə qaliblərin mükafatlandırılması tədbirin zirvə nöqtələrindən biri olub. Əlavə olaraq, müxtəlif kateqoriyalar üzrə fərqlənən iştirakçılara diplomlar təqdim edilib.
Bu “Challenge” bir daha sübut etdi ki, gimnastika yalnız idman deyil, hər kəs üçün əlçatan həyat tərzidir.