İdman

gimnastikadan

başlayır

“Mübarizəni uduzsanız, lider ola bilməyəcəksiniz”

21 noyabr 2022

“Mübarizəni uduzsanız, lider ola bilməyəcəksiniz”

Azərbaycan Gimnastika Federasiyasının (AGF) mətbuat xidməti noyabrın 18-20-dək aerobika üzrə hakimlik və məşqçilik kurslarını keçmək üçün ölkəmizə dəvət olunmuş bolqarıstanlı mütəxəssis Kaloyan Kaloyanov  ilə müsahibəni təqdim edir.


- Azərbaycana xoş gəlmisiniz. Zəhmət olmasa, özünüz barədə bir qədər məlumat verərdiniz.
Əslən bolqarıstanlıyam. Aerobika gimnastikası üzrə dünya və Avropa çempionu, o cümlədən Ümumdünya Oyunlarının qalibiyəm. 
- Burada sizin rəhbərliyiniz altında aerobika gimnastikası üzrə keçirilən hakimlik və məşqçilik kursları barədə ətraflı məlumat verərdiniz.
Burada biz icra və artistizm üzrə hakimlik kurslarını keçirdik. İmtahanda 12 çıxışı qiymətləndirdik. Yekun xalı hesabladıqdan sonra, yekun xal və Beynəlxalq Gimnastika Federasiyasının (FIG) internet səhifəsindən əldə etdiyimiz ekspert xalı arasında nə qədər fərq olduğunu gördük. Ümumi fərqi əldə edib nəticələri cədvələ qeyd edərək, hakimlərin imtahandan keçib-keçmədiyini müəyyən etdik. Məşqçilik kursları çox yaxşı keçdi. Məşqçilərin xallarını vaxtaşırı yoxlayarkən gördüm ki, xallar mütəxəssisin xalına çox yaxındır. Bu, məni bir neçə dəfə təəccübləndirdi, çünki biz yoxlama zamanı çətin çıxışı seçirdik. Dünya çempionatında sonuncu yerləri tutmuş çıxışları qiymətləndirmək çox çətindir, çünki onlar çox aşağı xal alırlar. Yaxşı çıxışı hər kəs qiymətləndirə bilər. Birinci yeri tutan idmançılarda bir neçə səhv olur və buna görə də xal vermək asandır. Lakin buradakı məşqçilərin verdiyi xal beynəlxalq dərəcəli hakimlərin xalları ilə demək olar ki, eyni xallardır. Bu o deməkdir ki, onlar yeni hakimlərdir və onlar qaydaları öyrənib təcrübədə tətbiq edirlər. Bir çox yerdə şahid olmuşam ki, qaydaları sırf imtahanda öyrənməyə başlayırlar və bu da çox gecdir. Amma buradakı iştirakçılar bu qaydaları bilirlər. 

- Dünyada aerobika gimnastikasının inkişafı ilə bağlı fikirlərinizi bilmək istərdik.
Ümumiyyətlə, düşünürəm ki, aerobika gimnastikası çox yaxşı inkişaf etdirilir. Keçən ilin yarışlarında icra xallarına əsasən bunu görmək olar. Kiçik uşaqlarda inkişaf yüksək sürətlə gedir. Gənclər və yaş qrupları arasında gimnastların elementləri səliqəli şəkildə icra edirlər. Düşünürəm ki, bu səviyyəyə internetdə bütün məlumatların məşqçilər üçün əlçatan olması təmin edildiyi üçün nail olmuşuq. Bundan əlavə, gimnastlar müxtəlif ölkələrlə birgə təlim-məşq toplanışı keçirirlər. Bu təcrübə mübadiləsi məlumatı əldə etməyi asanlaşdırır. İcra çox yaxşı inkişaf etdirilir. Aerobika gimnastikasında artistizm üzrə yeni ideyalar var. Düşünürəm ki, bu yaxşıdır, amma yenə də böyüklər arasında səhvləri  düzəltmək lazımdır. Onlar elementlərin icrasında daha dəqiq olmalıdırlar. Mənim fikrimcə, biz düz yoldayıq.


- Azərbaycanda aerobika gimnastikasının, ümumiyyətlə, gimnastikanın inkişafını necə dəyərləndirirsiniz?
Mənim çox yaxşı dostum Marian Kolev və digər bir idmançı ilə birlikdə 1995-ci ildə ilk dəfə üçlük proqramında çıxış etmişik. Biz tez-tez bir-birimizlə əlaqə saxlayırıq. Görürəm ki, aerobika gimnastikası bir çox məsələdə irəliləyib. Çünki biz idmançı kimi iştirak etməyə başlayanda, aerobika gimnastikası yeni yaranmağa başlayırdı. Biz Bolqarıstanda, burada və bolqar məşqçilərinin fəaliyyət göstərdiyi digər ölkələrdə olduğu kimi eyni sistemdən istifadə edirik. Uşaqların məşqlərində çox böyük irəliləyiş var. Mən bir neçə gün əvvəl bəzi məşqlərdə iştirak etdim, bütün yaş qruplarındakı qızlar (balaca qızlar, milli inkişaf, yeniyetmələr və yaş qrupları) çox yaxşı formada idilər. Böyük gimnastlarla bir çox videolar çəkdik. Böyüklər yaş kateqoriyasına daxil olan gimnastlar bacarıqlarını nümayiş etdirdilər. Başqa ölkələrdə görürəm ki, böyüklər, əsasən, daha az sayda elementlər icra edir. Burada videoları çəkən zaman idmançılara “Müvafiq elementi icra et” dedikdə, onlar bunu dərhal edirlər və bu, çox yaxşıdır.


- Azərbaycanla bağlı təəssüratlarınızı bilmək istərdik.
Ölkənizin memarlığı çox gözəldir. Maraqlı binalar insanın zövqünü oxşayır. Yeməklər çox dadlıdır və bolqar mətbəxinə çox yaxındır. Dənizkənarı bulvar məni heyran etdi. Hər şey çox gözəl, çox təmiz, insanlar çox mehribandır. Avtomobillər çoxdur, lakin başqa yerlərlə müqayisədə tıxac daha azdı. 


- Beynəlxalq dərəcəli hakim kimi, aerobika gimnastikası üzrə gənc nəslin nümayəndələrinə nə məsləhət görərdiniz?
Onlar uşaqlarla motivasiya ilə danışmağa diqqət yetirməlidirlər, çünki indi müxtəlif sosial şəbəkələr mövcuddur. Bugünlərdə uşaqların diqqətini cəmləmələri çox çətindir, çünki aerobika gimnastikası asan idman növü deyil. Kənardan asan görünə bilər, lakin mükəmməlliyi əldə etmək üçün çox vaxt tələb olunur, əgər mübarizəni uduzsanız, lider ola bilməyəcəksiniz. Hamını məğlub etmək üçün çox dəqiq olmalısınız. Beləliklə, motivasiya onların fikirlərini cəmləmələri üçün əsas meyarlardan biridir. Hər şey elə də asan deyil. Birinci növbədə valideynlərin dəstəyi lazımdır. Əgər valideynlər övladlarını idmana yeni başlayanda dəstəkləməsələr, onlara nailiyyət qazanmaq çətin olacaq. Valideynlər uşaqları gimnastikaya gətirirlər. Əgər valideynlər, məşqçilər və uşaqlar birlikdə çalışsalar, hər şeyə nail ola bilərlər. Sözsüz ki, bu ən doğru yoldur.