07 fevral 2024
Slovakiyanın bədii gimnastika üzrə yığma komandasının məşqçisi Adela Dimova ilə musahibəni təqdim edirik.
- Azərbaycana xoş gəlmisiniz. Zəhmət olmasa, özünüzü təqdim edərdiniz.
Mən əslən bolqarıstanlıyam. Artıq 12 ildir ki, bədii gimnastika üzrə məşqçi kimi fəaliyyət göstərirəm. Əvvəllər peşəkar gimnast kimi çıxış etmişəm, lakin hazırda karyeramı məşqçi kimi davam etdirirəm.
- Bu, sizin Bakıya ilk səfərinizdir?
Xeyr, mən əvvəllər dəfələrlə burada olmuşam. Təlim-məşq toplanışlarında, eləcə də yarışlarda iştirak etmişəm.
- Necə oldu ki, yenidən məhz burada təlim-məşqlər keçməyə qərar verdiniz?
- İlk növbədə burada yüksək təcrübəyə malik çoxlu peşəkarlar mövcuddur. Onlar hər zaman bizə köməklik göstərməyə hazırdırlar. Mən buraya səfər etməyi çox xoşlayıram. Ab-hava və şərait yüksək səviyyədədir. Burada idmançılar hər gün fasiləsiz məşq edirlər. Biz də yenidən buraya gəlib zaldakı enerjini hiss etmək qərarına gəldik.
- Təlim-məşq toplanışına neçə idmançı ilə gəlmisiniz?
- Buraya bir gimnastla gəlmişəm. Mən onun şəxsi məşqçisiyəm. O, fərdi gimnast olaraq yığma komandanın heyətində yer alır. Buraya səfərimizin məqsədi odur ki, builki yarışlara daha da yaxşı hazırlaşaraq, təcrübəmizi artıraq.
- Hansı yarışlara hazırlaşırsınız?
Beynəlxalq, eləcə də ölkədaxili turnirlərə hazırlaşırıq.
- Burada nə üzərində məşq edirsiniz?
- Burada xoreoqrafiya üzərində işləyirik. Gimnastımız yığma komandanın fərdi gimnastları ilə birgə məşq edir. İstərdim ki, onların məşq prosesinə yaxından bələd olsun. Proqramına lazımı dəyişikliklər olunsun, yeni elementlər əlavə edilsin. Məsələn, “dalğa” və ya hündürlüyə tullama elementlərindən ibarət hərəkətlər. Yarışlar mövsümü başlamazdan əvvəl bu dəyişikliklərin olunmasını istərdik.
- Azərbaycan gimnastlarının proqramı nə ilə fərqlənir?
Bilirsiniz, gimnastlarınız öz proqramlarını nümayiş etdirdikləri zaman insan özünü nağıllardakı kimi hiss edir. Adama elə gəlir ki, onların əllərindəki alətlər sehrlidir. Onlar çox fəaldırlar. Hər birinin özünəməxsus çıxışlarının olması xoşuma gəlir. Onlar təkcə bir proqram üzərində yox, müxtəlif kombinasiyalarla çıxış edirlər. Onların artistizmini, eləcə də alətlə çıxışlarını çox bəyənirəm. Azərbaycan Gimnastika Federasiyasının İcra Komitəsinin üzvü Mariana xanım mənim məşqçim olub. Mənə təkcə gimnastikanı deyil, həm də həyatı öyrətdiyi üçün ona çox minnətdaram.
- Azərbaycan haqqında təəssüratlarınızı bilmək istərdik.
Mən Bakını çox sevirəm. Buranı çox bəyənirəm. Lakin məndə xoş təəssürat yaradan isə köhnə şəhərdir. Arenanı bəyənirəm, çünki burada həm də qalmaq üçün şərait var. Təəssüf ki, bizdə bu cür şərait yoxdur. Bir sözlə, burada idmançılar üçün hər bir şərait yaradılıb.
- Bir məşqçi kimi gimnastlara nə məsləhət görərdiniz?
- Üzərlərində çox çalışıb özlərinə qalib gəlsinlər. Çünki özünə qalib gəlsən, bütün dünyanı fəth edə bilərsən.