İdman

gimnastikadan

başlayır

Kamila Qafarova: “Bu medalı qazanmağımda məşqçilərimin böyük əməyi var”

17 iyun 2022

Kamila Qafarova: “Bu medalı qazanmağımda məşqçilərimin böyük əməyi var”

İsrailin Tel-Əviv şəhərində bədii gimnastika üzrə keçirilən Avropa çempionatında gənclər araında gürzlərlə hərəkətlərin icrasında bürünc medal qazanmış Azərbaycan yığma komandasının üzvü Kamila Qafarova Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidmətinə müsahibə verib. 
- Kamila, ilk növbədə səni Avropa çempionatının bürünc medalını qazanmağın münasibətilə təbrik edirik. Yarışla bağlı təəssüratlarını bizimlə bölüşərdin. 
- Yarış başlamazdan əvvəl bir qədər həyəcanlı idim. İlk çıxışımda da bu həyəcan özünü göstərirdi. Finala vəsiqə əldə etdikdən sonra daha da inamlı çıxış etməyə başladım. Ən sevdiyim alət gürzlər və halqadır. Avropa çempionatında da bu alətlərdə proqramımı nümayiş etdirdim. Halqa ilə proqramım üzərində çox işləmişdim. Çıxışımda müəyyən çatışmazlıqlar oldu və ona görə medal qazana bilmədim. 
- Səncə medal qazanmağında ən çox nə rol oynadı? 
- Əlbəttə ki, gərgin və davamlı məşqlər, eləcə də məşqçilərimin mənim üzərimdə olan əziyyəti. Bu medalı qazanmağımda məşqçilərimin böyük əməyi var. Onlar hər zaman səhvlərimizi göstərir və bizi dəstəkləyirlər. 
- Son məşqlərdə əsasən nə üzərində işləryirdiniz? 
- Əsasən elementlərin təmiz icrasına diqqət yetirirdik. Atma elementləri və artistizm üzərində də işləyirdik.  
- Qitə çempionatında əsas rəqiblərin hansı ölkələrin təmsilçiləri oldular?  
- Avropa çempionatında kifayət qədər güclü rəqabət var idi. Hər bir ölkə təmsilçisi bu yarışa çox ciddi hazırlaşıb. Gimnastların hər biri güclü fiziki keyfiyyətlərə malik idi. Çıxışlarını dəqiq yerinə yetirirdilər. Əsas rəqiblərim Bolqarıstan, Ruminiya, İtaliya, İsrail, Polşa komandasının üzvləri idilər.  
- Medalını kimə həsr edirsən? 
- Məşqçilərimə, valideynlərimə və mənimlə birgə bu yarışda çıxış edən komanda yoldaşlarıma.