İdman

gimnastikadan

başlayır

Rauf Əliyev: Azərbaycan Gimnastika Federasiyasının nailiyyətləri Birinci vitse-prezident Mehriban Əliyevanın böyük diqqət və qayğısı nəticəsində mümkün olub

03 mart 2020

Rauf Əliyev: Azərbaycan Gimnastika Federasiyasının nailiyyətləri Birinci vitse-prezident Mehriban Əliyevanın böyük diqqət və qayğısı nəticəsində mümkün olub

Azərbaycan Gimnastika Federasiyasının nailiyyətləri Birinci vitse-prezident Mehriban Əliyevanın böyük diqqət və qayğısı nəticəsində mümkün olub.

Bunu Milli Məclisin deputatı Rauf Əliyev deyib.

R.Əliyevin sözlərinə görə, çox sevindirici haldır ki, Azərbaycan Gimnastika Federasiyası (AGF) Beynəlxalq Gimnastika Federasiyası (FIG) tərəfindən “Mükafatlandırılan Federasiyaların" siyahısında yenidən birinci yerə layiq görülüb: "Azərbaycan artıq 3-cü ildir ki, ardıcıl olaraq bu yüksək mövqeyə layiq görülür. Ondan əvvəl isə Azərbaycan Gimnastika Federasiyası ilk onluğa daxil olurdu. 2002-ci ildən Azərbaycan Gimnastika Federasiyasına Birinci vitse-prezident Mehriban xanım Əliyeva rəhbərlik edir. O vaxtdan indiyə qədər Azərbaycan gimnastikası çox böyük inkişaf yolu keçib. Hər il Azərbaycan böyük beynəlxalq tədbirlərə, o cümlədən Avropa çempionatlarına, dünya kuboklarına ev sahibliyi edir. Bütün bu işlərin nəticəsidir ki, Azərbaycan Gimnastika Federasiyası dünyada birinciliyə layiq görülüb”.

Deputat bildirib ki, bu gün Azərbaycanda gimnastikanın inkişafı üçün hər cür şərait yaradılıb: “Milli Gimnastika Arenası demək olar ki, dünyada ən yaxşı arenadır. Bütün dünyadan gimnastlar bura nəinki yarışlara, eyni zamanda təlim-məşq toplantılarına gəlirlər. Yəni şərait o qədər yüksək səviyyədədir ki, gimnastlar ölkəmizə gəlməyə üstünlük verirlər. Dünya kubokları, çempionatları zamanı buraya gələn federasiyaların sədrləri, onların müavinləri, baş məşqçilər hamısı bildirir ki, yarışların bu qədər yüksək səviyyədə keçirilməsi üçün dünyada Azərbaycan qədər şərait yaradan ölkə yoxdur”.

R.Əliyev vurğulayıb ki, Azərbaycanın regionlarında da gimnastikanın inkişafına böyük diqqət ayrılır: “Bu gün artıq Azərbaycanın milli kadrları yetişib. Tokio 2020 Yay Olimpiya Oyunlarına lisenziya qazanan gimnastlarımız da bizim milli kadrlarımızdır. Bu da böyük bir məsələdir. Həmin gimnastlar yaradılan bu şəraitdən uşaqlıqdan bəri istifadə edib, məşqlər sayəsində formalaşaraq bu səviyyəyə çatıblar. Azərbaycan Gimnastika Federasiyasının nailiyyətləri Birinci vitse-prezident Mehriban Əliyevanın böyük diqqət və qayğısı nəticəsində mümkün olub”.

Qeyd edək ki, Azərbaycan Gimnastika Federasiyası (AGF) Beynəlxalq Gimnastika Federasiyası (FIG) tərəfindən “Mükafatlandırılan Federasiyaların" siyahısında yenidən birincidir.

2019-cu ilin nəticələrinə əsasən, AGF bir daha digər federasiyalardan fərqlənərək birinciliyi əldən verməyib.

Ötən il federasiya tərəfindən gimnastikanın 3 növü üzrə Dünya Kuboku, bədii gimnastika üzrə Dünya Çempionatı, FIG Akademiyasının kişi idman, batut və aerobika gimnastikası üzrə məşqçilik kursları, beynəlxalq yarışlar və digər tədbirlərin yüksək səviyyədə təşkili, həmçinin FIG-nin tanıdığı gimnastikanın 7 yarış növü üzrə yarışlarda intizamlı şəkildə qeydiyyatdan keçərək, aktiv iştirakı FIG tərəfindən bu dəfə də yüksək dəyərləndirilib.

Özündə 148 federasiyanı birləşdirən FIG-nin reytinq siyahısında ölkənin birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın 2002-ci ildən rəhbərlik etdiyi Azərbaycan Gimnastika Federasiyası stabil olaraq 2014, 2015 və 2016-cı illərdə 10 ən güclü federasiyaların sırasında, 2017 və 2018-ci illərdə isə ilk pillədə qərarlaşıb.