03 fevral 2014
Beynəlxalq Gimnastika Federasiyasının (FIG) Qadın idman gimnastikası üzrə Texniki Komitəsinin rəhbəri Nelli Kim Azərbaycanda tez-tez qonaq olur. Ötən ilin sonlarında tanışlıq səfəri ilə Bakıda olan N.Kim bu günlərdə Azərbaycan paytaxtında FIG-in himayəsi altında kifayət qədər məzmunlu olan hakimlik seminarları keçib. N.Kim kurslar haqqında təəssüratlarını, yeni başlayan yerli arbitrlərin perspektivlərinin qiymətləndirilməsi və bir çox başqa şeylər barədə Bakıya səfərinin yekunlarına dair müsahibəsində danışıb.
- Seminarın nə dərəcədə uğurlu olması ilə bağlı təəssüratlarınızı bilmək istərdik.
- Bütovlükdə, səmərəli işləməyi bacardıq. İdman gimnastikası Azərbaycanda yeni yaradılır, buna görə də dünya miqyasında tanınmaq üçün böyük yol keçmək lazımdır. Bu, hakimlik sektoruna da aiddir. Sizdə iki təcrübəli arbitr var - Rza Əliyev və Lalə Abdullayeva. Onlar gimnastikanın başqa növləri üzrə dərəcəyə malikdirlər. Buna görə də onlara seminarda bir qədər asan oldu, çünki onların referidən nə tələb olunduğu barədə təəssüratları var.
Başqa iştirakçı Səbinə Bəşirovanın yaxşı hakimlik qiymətləri var və bu, daha mövzunu bilmək və səhvləri görmək bacarığını göstərir. Şübhəsiz ki, seminar iştirakçılarının texniki bilikləri var, keçmişdə onlardan bir çoxu idmançılar olublar və indi onlar gimnastika dilində danışırlar. Lakin indi bu biliyi kağız dilinə çevirmək lazımdır, çünki hakimlik hüquqi aspektdir və elementə görə hər bir qiymətləndirmə protokollaşdırılmalıdır.
- Yəqin ki, gimnastikanın hər bir növündə hakimliyin öz spesifikası var. İdman gimnastikasının xüsusiyyətləri hansılardır?
- Hər bir alətdə çıxış zamanı müəyyən tələblər var, onlar isə cəmi dörddür. İdman gimnastikasının Texniki Komitəsi yarışlarda hansı tapşırıqlar görmək istədiyi barədə FIG-ə tövsiyəsini verir. Və idmançılar bütün beynəlxalq tələbləri nəzərə almaqla proqramı qurmalıdırlar.
- Demək olar ki, seminarın fərqlənmiş iştirakçıları üzərində siz, necə deyərlər, öz sonrakı nəzarətinizi qurmusunuz?
- Özlərini uğurla göstərən və dərəcə alacaq arbitrlər FIG-in müvafiq bazasında qeydiyyata alınırlar. Onlar hakimlik karyeralarının bütün dövrü ərzində adlarına yazılacaq nömrələrini alacaqlar. Amma, əlbəttə, arbitrlərin hazırlığının əsas yoxlanması heç nəyin əvəz etməyəcəyi təcrübədir. Ona görə də indi hər şey onların özlərini yarışlarda necə göstərəcəklərindən asılıdır.
- Çox güman ki, yeni hakimlərin seminarlar keçmələri və dərəcə almaları, dünya və Avropa arenalarında ad qazanmaları üçün zaman keçməlidir. Və ilk dövrlərdə onların beynəlxalq təcrübəsi kifayət etmir. Sizcə, daim formada olmaq üçün nəyin üzərində çalışmaq lazımdır?
- Bilirəm ki, bir çox arbitrlər xüsusi olaraq bütün ən böyük yarışların lent yazılarını əldə edirlər və analizlə məşğul olurlar. Ümumiyyətlə, hakimin əməyi müəyyən keyfiyyətlər, bilik və səylər tələb edən peşədir. Bu məsələ ilə bağlı mən hətta 2012-ci ildə namizədlik işi müdafiə etmişəm. Xarakterin, biliyin, fiziki dözümlülüyün başlıca meyarlardan biri olduğu gimnastların seçimi sxemi hakim korpusu üçün də tamamilə tətbiq edilə bilər. Və indi biz kifayət qədər yaxşı pul verilən hakimliyin əsl peşəyə çevrilməsinə doğru tədricən irəliləyirik.
- Bakı seminarında özünü yaxşı göstərən hakimlər sizdən hansısa ev tapşırığı alıblarmı?
- Əlbəttə! Mən Azərbaycan Gimnastika Federasiyasının dostuyam və imkan daxilində kömək edəcəyəm, lakin arbitrlər də təkmilləşməlidirlər. Daim məşğul olmaq, turnirlərin lent yazılarına baxmaq, əcnəbi hakimlərin işlərini görmək lazımdır. İstənilən halda biz əlaqə saxlayırıq və mən hakimlərə onların həll etməli olacaqları konkret tapşırıqlar verəcəyəm. Bundan başqa, FIG-in işdə xeyli kömək edən müxtəlif kompüter proqramları var. Odur ki, məşğul olmaq və həftə ərzində 10-a yaxın tapşırıq yerinə yatırmaq lazımdır. Əl vərdişi olmalıdır və fəaliyyətdə olan idmançı ilə paralellər aparmaq olar. Məsələn, əgər tirdə uzun müddət məşğul olmasan, sonra onu hiss etməyəcəksən. Həmçinin arbitrlərdə qiymətlərin yazılışını mənimsəməyi avtomatikliyə qədər çatdırmaq lazımdır.
- Sizin qrafikiniz kifayət qədər sıxdır. Şəhərə çıxmağa, Bakını gəzməyə vaxt olurmu?
- Bu dəfə yüklənməyə görə heç yerə çıxmaq olmadı. Keçən dəfəki səfərimdə şəhərə, Milli Gimnastika Arenasına, 2015-ci il Avropa Oyunları üçün Olimpiya şəhərciyinə baxa bildim. Amma əvəzində bu dəfə sizdə qar gördüm, bu nadir hadisədir!
- Sizcə, bu il Azərbaycanın idman gimnastikası yığması nəyə daha çox əhəmiyyət verməlidir?
- Qrafik yetərincə dolğundur - Avropa və dünya çempionatları, Gənclər Olimpiya Oyunları, müxtəlif dünya kubokları. Mən bilirəm ki, sizdə komandanın qurulmasına kömək edən legionerlər var. Lakin bu, normal praktikadır, axı idman gimnastikası sizdə yenicə başlayır. Yadımdadır ki, öz növbəsində Almaniya yığmasında keçmiş SSRİ-dən beş əcnəbi çıxış edirdi. Eləcə də sizin həmvətəniniz Valeri Belenki. İndi isə Almaniyanın öz idmançıları var və legionerlər yoxdur.
- Əgər seminara qayıtsalar, onda rəsmən beynəlxalq dərəcə alacaq arbitrlər öz işlərinə başlaya biləcəklərmi?
- Bu, artıq martda Kottbusda keçiriləcək Dünya Kubokunda mümkün ola bilər. Təcrübə toplamaq, formanı təkmilləşdirmək lazımdır, amma yarışlardan başqa bunu harada etmək olar? Axı söhbət təkcə fiziki formadan deyil, həm də psixoloji hazırlıqdan gedir.