İdman

gimnastikadan

başlayır

Gəncə yenidən aerobika gimnastikası üzrə Avropa çempionatına ev sahibliyi edir

14 noyabr 2025

Gəncə yenidən aerobika gimnastikası üzrə Avropa çempionatına ev sahibliyi edir

14–16 noyabr tarixlərində Gəncə İdman Sarayında aerobika gimnastikası üzrə böyüklər arasında 14-cü Avropa çempionatı keçirilir. Bu mötəbər yarış Gəncənin idman ənənələrinin və beynəlxalq tədbirlərin təşkilindəki yüksək potensialının növbəti təsdiqi hesab olunur.

Yarışda 18 ölkədən 151 gimnast iştirak edir. İştirak edən idmançılar fərdi, üçlük, qrup, qarışıq cütlük və aerodans proqramlarında öz məharətlərini nümayiş etdirirlər. Çempionatın ilk iki günü təsnifat mərhələləri ilə yadda qalıb. Sonuncu - 16 noyabr tarixi isə ən həyəcanlı anların yaşanacağı final mərhələsinə həsr olunacaq.

Bu gün start götürən yarışın açılış mərasimi xüsusi təntənə ilə keçib. Səhnəyə əvvəlcə iştirakçı ölkələrin bayraqları gətirilib, daha sonra Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov və Avropa Gimnastikasının vitse-prezidenti Edvard Kolar çıxış edərək yarışın əhəmiyyətindən, Gəncənin idman dünyasında artan rolundan və bu cür tədbirlərin beynəlxalq əməkdaşlığa verdiyi töhfələrdən danışıblar.

Açılış mərasimindən sonra “Nizami Xəzinəsi” adlı bədii kompozisiya təqdim olunub. Nizami Gəncəvinin ölməz əsərlərinə həsr olunan bu kompozisiya rəngarəng musiqi, rəqs və vizual effektlərlə müşayiət olunaraq tamaşaçılara unudulmaz anlar yaşadıb. Bədii hissə şəhərin mədəni irsini yarışın ruhu ilə birləşdirərək tədbirə xüsusi ovqat qatıb.

Daha sonra gimnastların ilk çıxışlarına start verilib. Onlar fərdi proqram üzrə öz peşəkarlıqlarını, fiziki hazırlıqlarını və artistik bacarıqlarını nümayiş etdiriblər. Yarış boyunca arenada həm rəqabət, həm də bayram ab-havası hiss olunub.

Qeyd edək ki, qitə birinciliyinə 16 noyabr tarixində yekun vurulacaq.