İdman

gimnastikadan

başlayır

Bədii gimnastika üzrə qrup hərəkətləri komandası:”Biz fəxr edirik ki, Avropa Oyunları məhz bizdə - Bakıda keçiriləcək”

05 iyun 2015

Bədii gimnastika üzrə qrup hərəkətləri komandası:”Biz fəxr edirik ki, Avropa Oyunları məhz bizdə - Bakıda keçiriləcək”

Bədii gimnastika üzrə qrup hərəkətləri komandası:”Biz fəxr edirik ki, Avropa Oyunları məhz bizdə - Bakıda keçiriləcək”

Bu ilin ən irihəcmli yarışının başlamasına 1 həftədən az vaxt qalıb. Azərbaycanın paytaxtı Bakıda təşkil olunacaq, tarixdə ilk Avropa Oyunlarının başlamasını bütün ölkə səbirsizliklə gözləyir.

Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidməti, ölkəmizi Oyunlarda təmsil edəcək gimnastlarla müsahibə layihəsini yekunlaşdırır. Bu layihə çərçivəsində hazırladığımız sonuncu – bədii gimnastika üzrə qrup hərəkətləri komandasının üzvləri – Siyana Vasileva, Səbinə Abbasova, Diana Doman, Aynur Mustafayeva və Aleksandra Platonova ilə müsahibəni sizin diqqətinizə çatdırırıq.

Gimnastikaya gəlişiniz haqda danışın. Necə oldu ki, məhz bu idman növünü seçdiniz?

Aleksandra Platonova: Kiçik yaşlarımda uşaq bağçasına gedirdim. Bir gün orada səhər idmanı zamanı balaca qız gimnastik elementləri nümayiş etdirirdi və bu mənim çox xoşuma gəldi. Valideynlərimdən xahiş etdim ki, məni gimnastikaya yazdırsınlar.

Siyana Vasileva: Mənim anam bədii gimnastika üzrə məşqçidir. Demək olar ki, mən gimnastika zalında böyümüşəm.

Səbinə Abbasova: 5 yaşım olanda valideynlərim məni gimnastika zalına gətirdilər. Əvvəllər gimnastika ilə sağlamlıq üçün məşğul olurdum. Sonralar isə bu mənim həyat tərzimə çevrildi.

Aynur Mustafayeva: Balaca olanda televiziyadan gimnastiakyarışlarını izləyirdim. Sonra valideynlərim məni bu idman növünə yazdıqmağı qərarlaşdırdıılar.

 Diana Doman: Anam məni 5 yaşım olanda gimnastikaya yazdırdı. Yəqin ona görə ki, bədii gimnastikanı çox sevirdi.

Necə düşünürsüz, başqa idman sahəsində uğurlu ola bilərdinizmi?

Aleksandra:Düşünürəm ki, bəli.

Siyana: Bu barədə heç vaxt düşünməmişəm. Digər idman növlərinə hörmətlə yanaşıram və bilirəm, istədiyi uğuru qazanmaları üçün idmançılar necə əmək sərf edirlər. 

Aynur: Düşünürəm ki, xeyr. Başqa idman növlərini sevmirəm.

Səbinə: İllər ötdükcə dərk etdim ki, məhz bu idman növü mənə zövq verir.

Diana:Mənə elə gəlir ki, əgər istək olsaydı, məndə alınardı.

Yarış günü emosiyalarınızla necə bacarırsınız? Təmkinli olmağınızın sirri nədədir?

Aleksandra: Çalışıram artıq heç bir şey haqda düşünməyim və məşqçi nə deyirsə ona əməl edim.

Səbinə: İlk gündən çalışıram ki, pozitiv olum və uğursuz heç nə düşünməyim.

Siyana: Heç bir sirri yoxdur. Məşqlərdə gərgin çalışdıqda hər şey alınır. Əsas inanmaqdır.

Diana: Xüsusi sirri yoxdur. Həyəcanını idarə etməyi bacarmalısan.

Aynur: Çalışıram özümü yaxşı düşüncələrə kökləyim, pis heç bir şey düşünməyim.

Fikrinizcə hər hansı idman növündə vacib olan nədir?

Aleksandra: Nizam-intizam, istək, səbr və əmək.

Səbinə: Güclü iradə.

Aynur: Məqsəd -  bu hər bir idmançıda olmalıdır.

Siyana: Ən əsası istəkdir. İşıq saçmaq üçün, yanmaq lazımdır.

Diana: Hər bir idman növündə güclü iradə və istək vacibdir.

Professional idmanla məşğul olmaq nə dərəcədə təhlükəlidir? Yoxsa bu idman növündən asılıdır?

Diana: Hər bir idmançıda zədə ola bilər. Bunun qarşısını almaq üçün, məşqlərdə diqqətli olmaq lazımdır.

Aynur: Hər bir idmançının zədəsi ola bilər.

Səbinə: Hər bir idman növündə zədə almaq riski var. Gimnastika da istisna deyil.

Aleksandra: Zədəni hər bir idman növündə almaq olar, lakin daha riskli idman növləri var.

Siyana: Əlbəttə, idman növündən və şəraitdən asılıdır. Lakin, bədii gimnastika daha çox zərif idman növüdür, nəinki təhlükəli.

İdmanda kumiriniz varmı?

Aleksandra: Bəli var. Bu - Yevgeniya Kanayevadır.

Səbinə: Hazırda, kumirim yoxdur. Uşaqlıqda İrina Çaşinanı bəyənirdim.

Siyana: Düzünü desəm, xeyr. Hər bir gimnastı fərqləndirən öz xüsusiyyəti var.

Aynur: Mənim kumirim yoxdur.

Diana:  Xeyr, yoxdur.

Yaxın gələcək üçün planlarınızdan danışın.

Aleksandra: İlk növbədə Avropa Oyunlarıdır. Sonra isə Dünya Çempionatında lisenziya qazanıb, Olimpiya Oyunlarında iştirak etmək istərdim.

Siyana: Avropa Oyunlarına, sonra isə lisenziya xarakterli Dünya Çempionatına hazırlaşırıq.

Diana: Hazırda, Avropa Oyunlarına hazırlaşırıq. Bundan sonra Dünya Çempionatı və Olimpiya Oyunları.

Səbinə: Əlbəttə, əvvəl Avropa Oyunları, daha sonra isə Olimpiya Oyunları.

Aynur: Avropa Oyunlarında yaxşı çıxış etmək, sonra isə Dünya Çempionatında Olimpiya Oyunlarına lisenziya qazanmaq.

Avropa Oyunları sizin üçün nə kəsb edir və siz ona necə hazırlaşırsınız?

Səbinə: Bu oyunlar mənim üçün, Olimpiyadaya bərabərdir və ikiqat məsuliyyətlidir, çünki bizim ölkəmizdə təşkil olunur.

Aleksandra: Bu mənim üçün çox məsuliyyətli yarışdır, belə ki, ölkəmizdə təşkil olunur və Olimpiya Oyunları ilə müqayisə olunur.

Diana: İlk məqsəd Avropa Oyunlarıdır. Daha sonra, irəliyə doğru hərəkət edəcəyik.

Aynur: Bu ilk dəfə Bakıda baş tutacaq və mən çox sevinirəm ki, bu oyunlarda iştirak edəcəm.

Siyana: Avropa Oyunları mənim idman karyeramda ən vacib hadisədir. Fəxr edirəm ki, bu tədbir Bakıda keçiriləcək.

İdmandan bir az uzaqlaşsaq, reallaşdırmaq istədiyiniz başqa arzular, məqsədlər varmı?

Siyana: Əlbəttə, var. Psixologiya elmini öyrənib, insanlara kömək etmək istəyirəm.

Diana: Hələ çox uzağı düşünmək istəmirəm. Hazırda, tək məqsədim Avropa Oyunlarıdır. Sonra isə irəliyə doğru getmək lazımdır.

Aynur: Hələki tək arzum var. Hava şarından tullanmaq.

Səbinə: İdmandan savayı, heç nə haqda düşünməmişəm.

Aleksandra: Bəli, var.

İdmanla gündəlik həyatınızı birləşdirə bilirsinizmi?

Diana: Buna vaxtım və gücüm qalmır.

Aynur: Təəssüf ki, vaxt çatışmır.

Aleksandra: Mənim həyatım elə idmandır.

Səbinə: Hərdən alınır.

Siyana: Əgər istəsən alınar. Mən dostlarımla gəzib, əylənməyi sevirəm. Mütaliə etməyi, ən çox da psixologiya haqda oxumağı xoşlayıram.

Ailəniz haqqında biraz danışın.

Səbinə: Atam, ehtiyyatda olan hərbçidir. Anam, məktəbəqədər hazırlıq müəlliməsidir, qardaşım isə hərbi həkimdir.

Aynur: Mənim kiçik ailəm var: atam, anam və mən.

Aleksandra: Anam, gimnast geyimlərinin tikilişi ilə məşğuldur, həmçinin mühasib işləyir. Atam, yemək istehsalı ilə məşğul olan böyük şirkətin baş direktorudur. Balaca qardaşım isə məktəblidir.

Diana: Valideynlərim Estoniyada, böyük qardaşım isə Danimarkada yaşayır.

Siyana: Anam, atam və mən idmançı ailəsiyik. Bacım isə bizdən bir az fərqlənir. O, idmanı seçməyib.

Sevdiyiniz şəxs varmı?

Diana: Şəxsi həyata vaxt qalmır.

Aleksandra: Xeyr.

Aynur: Xeyr.

Səbinə: Şəxsi həyat üçün vaxt çox azdır.

Siyana: Xeyr.

Adətən azarkeşlər tribunalardan sizi necə dəstəkləyirlər?

Siyana: Müxtəlif cür dəstək olurlar.

Səbinə: Komanda şəklində çıxış etdiyimiz üçün, adətən – “Azərbaycan, irəli” – deyə, qışqırırlar.

Aynur: “Sən bacararsan”, “Səndə alınar”.

Aleksandra: “Azərbaycan, irəli”.

Diana: Adətən – “Azərbaycan, irəli” – deyə, qışqırırlar.

Siz onlardan nə eşitmək istərdiniz?

Aleksandra: Bizə azarkeşlik etsinlər, belə ki, bu bizə dəstək olur və qələbəyə həvəsləndirir.

Diana: Mən onlara böyük təşəkkürlərimi çatdırmaq istərdim, onların dəstəyi bizə çox kömək edir.

Aynur: Onlara demək istəyirəm ki, bizə ürəkdən dəstək olsunlar, bu bizim üçün vacibdir.

Səbinə: Bizi dəstəkləməyə davam edin, bu bizi qələbəyə həvəsləndirir.

Siyana: Onlara təşəkkürümü bildirmək istəyirəm. Dəstək, hər zaman lazımdır.