İdman

gimnastikadan

başlayır

Ukraynalı gimnast: Birinci olmaq istəyirəm

07 mart 2020

Ukraynalı gimnast: Birinci olmaq istəyirəm

Kişi idman gimnastikası üzrə “AGF Junior Trophy” beynəlxalq turnirində iştirak edən ukraynalı gimnast Vladimir Kostyuk sərbəst hərəkətlər üzrə təsnifat yarışlarındakı çıxışından razı qalıb.

O bildirib ki, zədə ilə əlaqədar yarışa hazırlaşmaq üçün yalnız iki həftəsi olub:

“Ona görə də fikirləşirdim ki, nəticələrim pis olacaq. Amma çıxışım fikirləşdiyimdən də yaxşı oldu”.

Gimnast ötən il “EYOF Baku 2019” XV Yay Avropa Gənclər Olimpiya Festivalı zamanı Milli Gimnastika Arenasında çıxış etdiyini xatırladıb. Həmin festival zamanı üç medal (komanda hesabında qızıl, paralel qollarda gümüş və dəstəli at üzərində hərəkətlərdə bürünc medal) qazandığını bildirən V.Kostyuk bu turnirdə nəticələrini yaxşılaşdırmaq istədiyini deyib:

 

“Əlbəttə, əvvəlkindən daha yaxşı nəticə göstərmək istəyirəm. Birinci olmaq istəyirəm!”

Qeyd edək ki, Azərbaycan Gimnastika Federasiyası ilk dəfə olaraq kişi idman gimnastikası üzrə “1-ci AGF Junior Trophy” adlı beynəlxalq turnir təşkil edir. Milli Gimnastika Arenasında keçiriləcək yarışda gənclər yaş qrupuna daxil olan 2003-2006-cı il təvəllüdlü gimnastlar öz bacarıqlarını nümayiş etdirəcəklər.

“AGF Junior Trophy” 27-31 may tarixində elə Milli Gimnastika Arenasında təşkil ediləcək kişi idman gimnastikası üzrə Avropa Çempionatından öncə gənc gimnastlar üçün bir növ sınaq turniri rolunu oynayır.